Türkiyə futbolunda mərc qalmaqalı: 147 klub rəhbəri cəzalandırıldı

22 Oktyabr 2026 23:39
106
Türkiyə futbolunda mərc qalmaqalı: 147 klub rəhbəri cəzalandırıldı

Türkiyə Futbol Federasiyasının (TFF) İntizam Komitəsi mərc oyunlarına qoyulan qadağanı pozduqlarına görə 147 hazırkı və sabiq klub rəhbərini 45 gün müddətinə futboldan kənarlaşdırıb.

İdman.Biz xəbər verir ki, bu barədə TFF-nin rəsmi saytında məlumat verilib.

Cəzalandırılanlar arasında “Trabzonspor”un prezidenti Ertuğrul Doğan da var. Sanksiyalar son beş ildə Türkiyənin iki yüksək futbol divizionunda fəaliyyət göstərən klublarda rəhbər vəzifələr tutmuş şəxsləri əhatə edib.

İş üzrə adı keçən digər 301 nəfərlə bağlı araşdırmaya kifayət qədər əsas olmadığı üçün xitam verilib.

Qeyd edək ki, TFF-nin araşdırması 2025-ci ilin oktyabrında başlayıb. Həmin vaxt fəaliyyətdə olan 571 hakimdən 371-nin mərc hesabına sahib olduğu müəyyənləşdirilib.

Federasiya 2025-ci ilin noyabrında 149 hakimi və 1024 futbolçunu cəzalandırıb. 2026-cı ilin sentyabrında isə 448 klub rəhbəri müvəqqəti olaraq futboldan uzaqlaşdırılıb.

İdman.Biz