İngiltərənin “Arsenal” klubunun fəxri prezidenti, tanınmış futbol funksioneri Ken Frayar 93 yaşında vəfat edib.
İdman.Biz xəbər verir ki, bu barədə London klubunun mətbuat xidməti məlumat yayıb.
Frayar həyatının 76 ilini “Arsenal”a həsr edib. O, 1950-ci ildə klubun bilet kassasında işə başlayıb. 1973-cü ildə katib, 1983-cü ildə isə idarəedici direktor vəzifəsinə təyin olunub.
2000-ci illərin əvvəllərində “Hayberi” stadionunu əvəz edən yeni “Emireyts” arenasının tikintisi layihəsinə məhz Frayar rəhbərlik edib.
O, 2020-ci ildə 86 yaşında direktorlar şurasından ayrılıb və klubun ömürlük fəxri prezidenti statusuna layiq görülüb.
“Arsenal” rəsmi nekroloqunda Frayarı klubun ənənələrinin və dəyərlərinin qoruyucusu adlandıraraq, onun maliyyə sabitliyinin təmin edilməsində və klubun beynəlxalq nüfuzunun artmasında böyük rol oynadığını vurğulayıb.
“Əmək fəaliyyətimin hər günü bu möhtəşəm klubda keçib və onların hər biri mənim üçün dəyərlidir. Klubun əsas ənənələrini qoruyaraq necə inkişaf etdiyini görmək mənim üçün böyük şərəf və imtiyaz idi”, - deyə Frayar 2020-ci ildə rəhbər vəzifəsindən ayrılarkən bildirmişdi.
“Emireyts” stadionunun yaxınlığında Ken Frayarın şərəfinə heykəl ucaldılıb.
Klubun əfsanəvi funksioneri ilə vida mərasiminin bu həftənin sonunda Londonda keçiriləcəyi bildirilir. Mərasimdə “Arsenal”ın hazırkı və sabiq ulduzlarının, eləcə də Premyer Liqa rəhbərliyinin nümayəndələrinin iştirakı gözlənilir.
