İngiltərənin "Liverpul" klubunun keçmiş baş məşqçisi Arne Slot UEFA-da yeni vəzifəyə təyin olunub. Niderlandlı mütəxəssis qurumun 2026/2027-ci illər mövsümü üçün nəzərdə tutulan texniki müşahidəçilər qrupunda yer alıb.
İdman.Biz xəbər verir ki, ümumilikdə 36 mütəxəssisdən ibarət olan bu heyət Avropa kuboklarında keçirilən qarşılaşmaları dərin təhlil edərək taktiki gedişləri, məşqçi qərarlarını və müasir futbol tendensiyalarını qiymətləndirir. Müşahidəçilər, həmçinin xüsusi statistik göstəricilər və video-materiallar əsasında UEFA üçün rəsmi texniki hesabatlar hazırlayırlar.
A.Slotla yanaşı, tanınmış mütəxəssislərdən Erik ten Haq, Ule-Qunnar Sulşer, Qaret Sautqeyt, Tomas Frank və Rafael Benites də sözügedən işçi qrupuna daxil ediliblər.
Xatırladaq ki, Arne Slot bu ilin may ayında "mersisaydlılar"ın sükanı arxasından ayrılıb. 2024-cü ildən İngiltərə təmsilçisini çalışdıran niderlandlı məşqçi 2024/2025-ci illər mövsümündə Premyer Liqanın çempionluğunu qazanıb.
