İspaniyanın “Real Madrid” futbol komandası İngiltərənin “Mançester Yunayted” klubunun 16 yaşlı futbolçusu JJ Qabrieli transfer etmək üçün rəsmi təklif göndərib.
İdman.Biz xəbər verir ki, AS nəşrinin məlumatına görə, Madrid təmsilçisi gənc futbolçunun transferi ilə bağlı bütün zəruri hazırlıqları tamamlayıb və hazırda onun qərarını gözləyir.
İngiltərə futbolunun ən perspektivli gənclərindən hesab olunan Qabrielin xidmətində “Barselona” və “Bavariya” da maraqlıdır. Futbolçunun Kataloniyada məşqlərə qatılması əvvəlcə “Barselona”nın transfer mübarizəsində üstün olduğu barədə ehtimallar yaradıb. Lakin İngiltərədən yayılan son məlumatlar onun “Real Madrid”ə keçmək ehtimalının artdığını göstərir.
Madrid klubunun rəhbərliyi transfer prosesinə başlamazdan əvvəl F:FA-nın yetkinlik yaşına çatmayan futbolçularla bağlı qaydalarını araşdırıb. Oktyabrın əvvəlində 16 yaşı tamam olan Qabrielin Kipr pasportuna sahib olması və ailəsinin İrlandiya mənşəli olması mümkün keçidin hüquqi tərəfləri baxımından əhəmiyyət daşıyır.
“Real Madrid” həmçinin “Mançester Yunayted” rəhbərliyi ilə əlaqə saxlayaraq futbolçunun müqavilə vəziyyətini öyrənib. İspaniya klubu transferin rəsmiləşəcəyi təqdirdə İngiltərə təmsilçisinə müəyyən məbləğ ödəməyə hazır olduğunu da bildirib.
Bununla belə, Madrid təmsilçisi maliyyə baxımından müəyyən hədd qoyub və həmin məbləği aşmaq niyyətində deyil. İngiltərə mətbuatının məlumatına əsasən, Qabriel yeni klubundan illik təxminən bir milyon avro (təxminən 1,98 milyon AZN) maaş tələb edir.
“Mançester Yunayted” isə istedadlı futbolçunu saxlamaq üçün səylərini davam etdirir. Klub xüsusilə onun digər İngiltərə Premyer Liqası təmsilçisinə keçməsinin qarşısını almağa çalışır.
“Bavariya” da gənc futbolçunun ətrafı ilə fəal təmaslar qurub. Lakin Münhen təmsilçisi də hələlik müsbət cavab almayıb.
Qeyd edək ki, Qabriel indiyədək UEFA Gənclər Liqası səviyyəsində çıxış edib. Buna baxmayaraq, onun istedadı Avropanın aparıcı klublarının diqqətini cəlb edib.
“Real Madrid” təklifini təqdim etdikdən sonra əlavə addım atmağı planlaşdırmır. Klub futbolçunun yaxın vaxtlarda yekun qərarını açıqlayacağını gözləyir.
