“Mançester Siti” futbol klubunun rəhbəri Haldun Əl-Mübarək 2011-ci ildə Serxio Aqueronun transferini şəxsən həyata keçirib.
İdman.Biz “Mundo Deportivo”ya istinadən xəbər verir ki, transferlə bağlı ilkin razılaşma “Atletiko Madrid”in icraçı direktoru Migel Anxel Xil Marinlə restorandakı görüş zamanı masa örtüyü üzərində yazılıb.
Həmin vaxt “Real Madrid” Aqueroya görə 45 milyon avro (90 milyon manat) təklif edib və futbolçunun razılığını alıb. Lakin “Atletiko” azarkeşlərin sərt reaksiyasından yayınmaq üçün bu transferdən imtina edib. Nəticədə argentinalı hücumçu 36 milyon avro və 4 milyon avro bonus qarşılığında “Mançester Siti”yə keçib.
Qeyd olunur ki, Aqueronun bu transferi “Mançester Siti”nin 2009-2018-ci illərdə maliyyə qaydalarını pozması ilə bağlı yaxınlarda çıxarılan təqsirli qərarın əhatə etdiyi məsələlərə daxil deyil.
Aquero “Etihad”da keçirdiyi 10 il ərzində 390 oyunda 260 qol vurub və 55 məhsuldar ötürmə edib. O, 2021-ci ildə “Barselona”ya keçməzdən əvvəl “Mançester Siti” ilə 5 dəfə Premyer Liqa çempionu olub və ümumilikdə 15 kubok qazanıb.
