Kamavinqa Fransa millisinin hücumçuları barədə danışıb

28 Sentyabr 2026 01:47
73
Kamavinqa Fransa millisinin hücumçuları barədə danışıb

Fransa futbol millisinin yarımmüdafiəçisi Eduardo Kamavinqa komandanın hücumçularının müdafiədə ağır iş görməsini tələb etmədiyini bildirib.

İdman.Biz xəbər verir ki, “Real”ın futbolçusu hücumçuların əsas vəzifəsinin qol vurmaq və cərimə meydançasında təhlükə yaratmaq olduğunu deyib.

“Yarımmüdafiədə oynayanda komanda yoldaşlarını sığortalamağa hazır olmalısan. Çünki hücumçular həmişə yaxşı müdafiəçilər olmurlar. Fransa millisində çox yüksək səviyyəli hücumçularımız var. Mən onlardan geriyə doğru çılğın qaçışlar tələb etmirəm. Sadəcə öz işlərini yaxşı görmələrini istəyirəm: qol vursunlar, cərimə meydançasında olsunlar və komandaya fayda versinlər. Əgər onların özlərini daha yaxşı göstərməsi üçün çirkli işi mən görməliyəmsə, bunu edərəm. Bununla bağlı heç bir problemim yoxdur”, - deyə Kamavinqa bildirib.

Qeyd edək ki, 23 yaşlı Kamavinqa həm “Real”da, həm də Fransa millisində yarımmüdafiənin müxtəlif mövqelərində çıxış edir.

İdman.Biz