İsrailli futbolçunun qəribə qol sevinci Avstriyada qalmaqal yaratdı - VİDEO

25 Sentyabr 2026 12:57
96
İsrailli futbolçunun qəribə qol sevinci Avstriyada qalmaqal yaratdı - VİDEO

Futbol üzrə İsrail millisinin hücumçusu Səid Abu Farçi UEFA Millətlər Liqası çərçivəsində Avstriya ilə qarşılaşmada vurduğu qoldan sonra etdiyi hərəkətlə diqqət mərkəzinə düşüb.

İdman.Biz xəbər verir ki, 20 yaşlı futbolçu 55-ci dəqiqədə hesabı 1:1 edib. O, qoldan sonra künc bayrağını çıxararaq onu silah kimi tutub və atəş açma hərəkəti edib. Hakim bundan əvvəl də sarı vərəqəsi olan futbolçuya ikinci xəbərdarlığı göstərərək meydandan qovub.

Avstriya millisinin üzvləri qarşılaşmadan sonra bu hərəkəti sərt tənqid ediblər. Patrik Vimmer mövcud vəziyyətdə belə qol sevincini “sadəcə axmaqlıq” adlandırıb və belə hərəkətlərin futbolda yeri olmadığını bildirib. Filipp Mvene də bunu “ağılsız hərəkət” kimi qiymətləndirib, Nikolas Zayvald isə qırmızı vərəqənin haqlı olduğunu deyib.

Avstriya millisinin baş məşqçisi Ralf Ranqnik də futbolçunun qol sevincini sual altına alıb.

Qeyd edək ki, Avstriya Linzdə keçirilən qarşılaşmada say üstünlüyündən yararlanaraq İsraili 3:1 hesabı ilə məğlub edib. Meydan sahiblərinin qollarını Romano Şmid, Filipp Mvene və Saşa Kalayciç vurublar.

İdman.Biz