Lamin Yamal Çempionlar Liqası hədəfini açıqladı: “İndi növbə bizimdir”

24 Sentyabr 2026 01:19
72
Lamin Yamal Çempionlar Liqası hədəfini açıqladı: “İndi növbə bizimdir”

“Barselona”nın futbolçusu Lamin Yamal komandanın 2024/25 mövsümündə Çempionlar Liqasının yarımfinalında “İnter”ə məğlub olaraq mübarizəni dayandırmasından danışıb.

İdman.Biz “L’Équipe”yə istinadən xəbər verir ki, Yamal həmin qarşılaşma yenidən keçirilsəydi, komandanın matçın sonlarında hesabın bərabərləşməsinə imkan verməyəcəyini bildirib.

“Əgər “İnter”lə həmin matçı yenidən oynasaydıq, hesabı bərabərləşdirən o qolu heç vaxt buraxmazdıq. Biz gənc komanda idik: qərarlar saniyənin hissələri ərzində verilir, 20 yaşında isə 30 yaşındakı kimi davranmırsan. İndi bu kuboku qaldırmaq növbəsi bizimdir”, – deyə Yamal vurğulayıb.

Futbolçunun sözlərinə görə, PSJ-nin uğurları “Barselona” üçün əlavə motivasiya mənbəyidir. Yamal komandanın Madriddə keçiriləcək finala yüksəlməyi və kubok uğrunda mübarizə aparmağı hədəflədiyini qeyd edib.

Qeyd edək ki, “Barselona” 2024/25 mövsümünün yarımfinalında “İnter”ə ilk matçda 3:3 hesabı ilə heç-heçə etdikdən sonra cavab görüşündə əlavə vaxtda 3:4 hesabı ilə məğlub olub. Lamin Yamal həmin turnirin ilk yarımfinal matçında 17 yaş 291 günlük olarkən qol vuraraq Çempionlar Liqasının yarımfinalında fərqlənən ən gənc futbolçu olub.

İdman.Biz