“Çelsi” “Mançester Yunayted”in istedadlı futbolçusu Cici Qabrieli transfer etməkdə maraqlı olduğunu təkzib edib.
İdman.Biz “Daily Mail”ə istinadən xəbər verir ki, 15 yaşlı futbolçu “Mançester Yunayted”dən ayrılmaq istədiyini rəsmən bildirib. O, “Çelsi” də daxil olmaqla bir neçə klubla əlaqələndirilir.
Lakin “Çelsi” gənc futbolçular üçün tətbiq edilən doqquz aylıq transfer qadağası altındadır. Bu səbəbdən London klubu Qabrieli transfer edə bilməz.
Bundan əlavə, “Çelsi”nin Qabriel daha kiçik yaşda olarkən də onunla maraqlandığı bildirilir. Lakin futbolçunun atası keçmiş akademiya rəhbəri Nil Bat ilə planlaşdırılan görüşə gəlməyib və bu, tərəflər arasındakı münasibətlərə təsir edib.
Məlumata görə, “Çelsi” Qabriel “Mançester Yunayted”dən ayrılsa belə, onun transferi ilə maraqlanmayacaq.
