İngiltərənin “Çelsi” klubunun sabiq futbolçusu Eden Hazardın təpiklə vurduğu topdaşıyan kimi dünya gündəminə düşən Çarli Morqan bu dəfə biznes uğuru ilə diqqət mərkəzinə gəlib.
İdman.Biz “Mundo Deportivo”ya istinadən xəbər verir ki, ingiltərəli keçmiş topdaşıyan qurduğu spirtli içki şirkətini 300 milyon funt sterlinqə (683 milyon AZN) satıb.
Morqan 2013-cü ildə “Suonsi” - “Çelsi” matçında topdaşıyan kimi çalışarkən məşhurlaşıb. Həmin vaxt 17 yaşında olan Morqan vaxt uzatmaq üçün topu Hazardın tez götürməsinə imkan verməyib. Belçikalı futbolçu isə ona təpik vurub və epizoddan sonra qırmızı vərəqə alıb.
Hadisədən iki il sonra Morqan dostu Cekson Kuinnlə birlikdə öz brendlərini yaradıblar. İllər ərzində sürətlə böyüyən şirkət sonda 300 milyona satılıb.
Maraqlıdır ki, sonradan Morqan Hazardı öz brendinin reklamına da cəlb edib.
