İngiltərənin “Sauthempton” futbol komandasının baş məşqçisi Tonde Ekkert ötən mövsümdə yaşanan casusluq qalmaqalına görə cəza ilə üzləşə bilər.
İdman.Biz “The Guardian”a istinadən xəbər verir ki, İngiltərə Futbol Assosiasiyası mütəxəssisə təxminən iki ay əvvəl ittiham irəli sürsə də, yekun qərar hələ verilməyib.
Araşdırma zamanı “Sauthempton” əməkdaşlarından birinin ağacın arxasında gizlənərək “Midlsbro”nun məşqini çəkdiyi müəyyənləşib. Müstəqil komissiya bu addımın Ekkertin razılığı ilə atıldığı qənaətinə gəlib və hadisəni əvvəlcədən planlaşdırılmış sxemin bir hissəsi kimi qiymətləndirib.
Qalmaqala görə daha əvvəl “Sauthempton” Çempionşipin pley-off mərhələsindən kənarlaşdırılıb və komandanın hesabından dörd xal silinib.
İndi Ekkerti cərimə və ya diskvalifikasiya gözləyə bilər. Uzunmüddətli cəza veriləcəyi halda onun baş məşqçi postundan ayrılması da istisna edilmir.
Qeyd edək ki, “Sauthempton” dörd xallıq cəzaya baxmayaraq yeni mövsümə uğurlu başlayıb. Komandanın xalları silinməsəydi, hazırda çempionat liderləri ilə eyni göstəriciyə malik olardı.
