Qadınlar futbolda hakimiyyəti ələ alır - Avropada tarixi dəyişiklik

14 Sentyabr 2026 01:37
93
Qadınlar futbolda hakimiyyəti ələ alır - Avropada tarixi dəyişiklik

Avropa futbolunda qadınların klub rəhbərliyində rolu getdikcə artır.

İdman.Biz AS-a istinadən xəbər verir ki, Cənubi Koreyadan olan iş qadını Mişel Kanq “Lion”un prezidenti təyin olunmaqla Fransanın yüksək liqasında kişi futbol klubuna rəhbərlik edən ilk qadın olub.

Kanq bundan əvvəl “Vaşinqton Spirit”, “London City Lionesses” və “Lion”un qadın komandasına sahiblik edib. 2025-ci ildə “Lion” ciddi maliyyə böhranı ilə üzləşəndə o, klubun inzibati aşağı liqaya göndərilməsinin qarşısını almaq üçün maliyyə təminatları tapıb və rəhbərliyi üzərinə götürüb.

İspaniyada isə hazırda peşəkar futbolda üç qadın klub rəhbəri var. “Selta”ya Marian Mourinyo, “Qranada”ya Sofiya Yanq, “Eybar”a isə Amaia Qorostisa rəhbərlik edir.

Mourinyo hesab edir ki, qadınların futbolda rəhbər vəzifələrə daha az gəlməsinin əsas səbəbi bu sahənin uzun illər kişi dünyası kimi qəbul edilməsidir. Onun fikrincə, vəziyyət artıq dəyişir və idarə heyətlərində, məşqçi korpuslarında və hakimlikdə qadınların sayı artır.

İspaniyada qadın klub rəhbərlərinin tarixi daha qədimdir. Amelia del Kastilyo 1960-cı illərdə “Atletiko Pinto”nun əsasını qoyub və ona rəhbərlik edib. Daha sonra Tereza Rivero “Rayo Valyekano”nun, Viktoriya Pavon isə “Leqanes”in tarixində mühüm iz buraxıb.

Qeyd edək ki, Marian Mourinyo qadınların rəhbər vəzifələrə yüksəlməsi üçün əsas amillərin imkanların yaradılması və gələcək nəsillər üçün nümunələrin çoxalması olduğunu vurğulayıb.

İdman.Biz