Futbol üzrə Fransa millisinin baş məşqçisi Zinəddin Zidanın yığmadakı ilk heyət seçimi ilə bağlı yeni detallar üzə çıxıb.
İdman.Biz “Foot Mercato”ya istinadən xəbər verir ki, Fransa millisinin yekun siyahısı gələn həftə açıqlanacaq. Buna baxmayaraq, Zidanın ilkin siyahısında yer alan bir neçə futbolçunun adı artıq məlumdur.
Onlardan biri ötən mövsüm Liqa 1-də 21 qolla bombardir olan Esteban Lepoldur. 26 yaşlı hücumçu yeni mövsümə də uğurlu başlayıb və ilk üç qarşılaşmada üç qol vurub. “Renn”in futbolçusu karyerasında ilk dəfə Fransa millisinin ilkin siyahısına daxil edilib.
Digər sürpriz ad Pablo Pajisdir. Ötən mövsüm “Loryan”ın heyətində Liqa 1-də 10 qol və beş məhsuldar ötürmə ilə yadda qalan 23 yaşlı cinah oyunçusu yayda “Paris”ə keçib. O da ilk dəfə əsas milli komandanın ilkin siyahısında yer alıb.
“Lans”ın 21 yaşlı müdafiəçisi İsmaelo Qaniu da Zidanın diqqətini çəkib. Daha əvvəl Burkina-Faso millisində bir oyun keçirən futbolçu sonradan Fransa yığmasını seçib və indi əsas komandaya yüksəlmək şansı qazanıb.
Bundan başqa, “İnter”də sağ cinah müdafiəçisi mövqeyində çıxış edən Endi Diuf da ilk dəfə Fransa millisinin ilkin siyahısına çağırılıb.
Fransa millisi Millətlər Liqasında 25 sentyabrda Türkiyə, 29 sentyabrda Belçika, 2 oktyabrda İtaliya, 5 oktyabrda isə yenidən Belçika ilə qarşılaşacaq. Zidanın yekun heyəti növbəti cümə günü açıqlanacaq.
