İngiltərənin “Tottenhem” futbol komandasının sabiq baş məşqçisi Maurisio Poçettino “Çelsi”nin 2016/17 mövsümündə qazandığı Premyer Liqa çempionluğunun ləğv edilməli olduğunu düşünür.
İdman.Biz xəbər verir ki, hazırda ABŞ millisinin baş məşqçisi olan argentinalı mütəxəssis buna səbəb kimi London klubunun maliyyə qaydalarını pozmasını göstərib.
Poçettino həmin mövsümdə “Tottenhem”ə rəhbərlik edib. Komanda çempionatı Antonio Kontenin çalışdırdığı “Çelsi”dən yeddi xal geri qalaraq ikinci pillədə başa vurub.
“Biz Premyer Liqanı qazanmalı idik və həmin titul bizə verilməli idi. Əgər bu pozuntular doğrudursa, həmin mövsüm çempion olmağa biz layiqik. Onlar cəzalandırılıblar və bunu etiraf ediblər. Deməli, titul ikinci yeri tutan komandaya verilməlidir”, - deyə Poçettino bildirib.
Mütəxəssis komandaların mövsümə eyni imkanlarla başlamadığını da vurğulayıb:
“Eyni qaydalar olsaydı, bəlkə biz də heyəti daha da gücləndirəcək, daha çox qol vuracaq futbolçular ala bilərdik”.
Qeyd edək ki, “Çelsi” iyulda Roman Abramoviç dövrünə aid qayda pozuntularına görə 10 milyon funt sterlinq məbləğində cərimələnib. Klub İngiltərə Futbol Assosiasiyasının agentlər, vasitəçilərlə əməkdaşlıq və futbolçulara üçüncü tərəflərin investisiyaları ilə bağlı qaydalarının 74 dəfə pozulduğunu qəbul edib. Pozuntular arasında Eden Hazard, Villian, David Luiz və Nemanya Matiçin transferləri ilə bağlı razılaşmalar da yer alıb.
