Noyer “Bavariya”nın Çempionlar Liqası planını açıqladı

9 Sentyabr 2026 22:47
110
Noyer “Bavariya”nın Çempionlar Liqası planını açıqladı

“Bavariya”nın futbolçusu Manuel Noyer komandasının bu mövsüm Çempionlar Liqasının finalına yüksəlmək şanslarından danışıb.

İdman.Biz xəbər verir ki, 40 yaşlı qolkiper “Bavariya”nın bunun üçün kifayət qədər potensiala və təcrübəyə malik olduğunu bildirib.

Noyer turnirin əsas favoritləri sırasında ənənəvi olaraq iddialı komandaların yer aldığını, həmçinin güclü heyətə malik “Barselona”nın da bu sırada olduğunu qeyd edib. O, əsas favoritlərin pley-off mərhələsi başladıqdan sonra üzə çıxacağını söyləyib.

Ötən mövsüm yarımfinalda məğlub olduqdan sonra nəyi fərqli etməli olduqları barədə suala Noyer belə cavab verib:

“Bu, nüanslar məsələsidir. Ötən il, o cümlədən “Real” və PSJ-yə qarşı oyunlar bərabərsəviyyəli keçdi. Bizim potensialımız var”.

Noyer “Bavariya”nın daha irəli getmək üçün təcrübəyə və istəyə sahib olduğunu vurğulayıb:

“Təcrübə də bizə kömək edir. Ora yenidən qayıtmaq istəyimiz var. Çempionlar Liqasını qazanmaq bizim böyük məqsədimizdir”.

Qapıçı əvvəlki məğlubiyyətlərin gələn yay Madriddə keçiriləcək finala yüksəlmək üçün komandaya əlavə motivasiya verdiyini də bildirib.

İdman.Biz