“Qaziantep” yeni məşqçisi ilə ilk oyununda şou göstərdi, “Alanyaspor” avtoqola sevindi

7 Sentyabr 2026 23:00
87
“Qaziantep” yeni məşqçisi ilə ilk oyununda şou göstərdi,  “Alanyaspor” avtoqola sevindi

Türkiyə Super Liqasının dördüncü turunda sonuncu iki qarşılaşma keçirilib.

İdman.Biz xəbər verir ki, turun oyunlarından birində “Çaykur Rizespor” doğma meydanda “Alanyaspor”u qəbul edib.

Rizə təmsilçisi minimal hesabla məğlub olub – 0:1. İlk hissə qolsuz başa çatıb. Görüşün 70-ci dəqiqəsində Arissin avtoqolu “Alanyaspor”a 3 xal qazandırıb.

“Alanyaspor” bu qələbə ilə xalların sayını yeddiyə çatdırmaqla turnir cədvəlində 7-ci pilləyə yüksəlib. “Çaykur Rizespor” isə 6 xalla 11-cidir.

Digər qarşılaşmada “Göztepe” “Qaziantep”ı qəbul edib. İzmir təmsilçisi doğma meydanda 2:4 hesabı ilə uduzub.

“Qaziantep” ilk hissədə böyük üstünlük əldə edib. 5-ci dəqiqədə Halil Dervişoğlu hesabı açıb. Beş dəqiqə sonra Myenti Abena fərqlənib. Kasper Kozlovski isə 34 və 45+1-ci dəqiqələrdə qol vuraraq dubl edib.

31-ci dəqiqədə “Göztepe” fərqi azaltmaq imkanı qazansa da, Novatus Miroşi penaltidən yararlana bilməyib. Fasilədən sonra meydan sahibləri Xuanın 52 və 90+3-cü dəqiqələrdə vurduğu qollarla hesabı dəyişiblər.

72-ci dəqiqədən etibarən “Göztepe” azlıqda mübarizə aparıb. Oğün Bayrak qayda pozuntusuna görə qırmızı vərəqə ilə meydandan qovulub.

Bu, Mirel Radoayın gedişindən sonra “Qaziantep”ə baş məşqçi təyin olunan Orhan Akın rəhbərliyi altında ilk qələbə olub.

Bu qələbədən sonra xallarını 7-yə çatdıran “Qaziantep” turnir cədvəlində altıncı olub. “Göztepe” isə 1 xalla 17-ci pillədə qərarlaşıb.

İdman.Biz