Türkiyə Super Liqasının dördüncü turunda keçirilən “Fənərbağça” - “Beşiktaş” derbisindən sonra stadion ətrafında insident yaşanıb.
İdman.Biz xəbər verir ki, “Fənərbağça”nın 1:2 hesablı məğlubiyyətindən sonra azarkeşlərlə küçədə müsahibə aparılan zaman gərginlik yaranıb.
Nəticədən narazı qalan “Fənərbağça” azarkeşlərindən biri əvvəlcə çəkiliş aparan operatora fiziki müdaxilə edib. Hadisə zamanı xanım aparıcı da təşviş keçirib, ətrafdakılar isə tərəfləri ayırmağa çalışıblar.
Gərginlik bununla bitməyib. Həmin azarkeş daha sonra müsahibə verən başqa bir “Fənərbağça” fanatının gülməsinə əsəbiləşərək “Niyə gülürsən?” deyə onun üstünə yeriyib. Bundan sonra tərəflər arasında yenidən qarşıdurma yaranıb.
Qeyd edək ki, Kadıköydə keçirilən qarşılaşmada “Fənərbağça” 26-cı dəqiqədə Milan Şkrinyarın qolu ilə hesabı açıb. “Beşiktaş” 38-ci dəqiqədə Rıdvan
Yılmazın qolu ilə bərabərliyi təmin edib. Qonaqlara qələbə qazandıran qolu isə 73-cü dəqiqədə Duşan Vlahoviç vurub.
Bu nəticədən sonra “Fənərbağça” altı xalda qalıb, “Beşiktaş” isə xal ehtiyatını doqquza çatdırıb.
