Fransa futbol çempionatında üçüncü tur “Lill”in “Tuluza” üzərində səfər qələbəsi ilə başlayıb - 1:0. Liqa 1-də debüt edən yaponiyalı hücumçu Ayase Ueda 73-cü dəqiqədə matçın yeganə qolunu vurub.
İdman.Biz xəbər verir ki, “Tuluza” rəqibinə kifayət qədər problem yaradıb, görüşün əsas qəhrəmanlarından biri isə qonaqların qapıçısı Berke Özer olub. “Lill”in baş məşqçisi Davide Ançelotti nəticənin müsbət olmasına baxmayaraq, oyundan aldığı təəssüratın mənfi olduğunu etiraf edib. Xallarının sayını yeddiyə çatdıran komanda ən azı cümə gününədək turnir cədvəlinin ilk pilləsinə yüksəlib.
Bu gün: autsayder Lionda, turun əsas oyunu isə Parisdə
Bakı vaxtı ilə saat 21:00-da “Lion” “Oser”i qəbul edəcək. Meydan sahibləri dörd xal toplayıb və hələ məğlub olmayıblar. Qonaqlar isə keçirdikləri hər iki oyunda uduzub, səkkiz top buraxıb və sonuncu pillədə qərarlaşıblar. “Lion” üçün bu görüş liderlərə yaxınlaşmaq, “Oser” üçün isə mövsümün son dərəcə uğursuz başlanğıcını arxada qoymaq imkanıdır.
Saat 23:05-də turun mərkəzi qarşılaşması başlayacaq - PSJ “Monako”nu qəbul edəcək. Bu, son çempionun yeni mövsümdə ilk ev oyunu olacaq.
Paris təmsilçisi matça özü üçün qeyri-adi vəziyyətdə çıxacaq. İki turdan sonra komandanın cəmi iki xalı var və 4:4 top fərqi ilə 12-ci pillədə qərarlaşıb. Luis Enrikenin komandası həm “Renn”, həm də “Lill”lə görüşdə 0:2 hesabı ilə geri düşsə də, hər iki dəfə məğlubiyyətdən xilas olub - 2:2. Bu, PSJ-nin xarakterindən xəbər versə də, matçların başlanğıcında, qol imkanlarından istifadədə və nizamlı müdafiəyə qarşı oyunda problemlərin olduğunu göstərir.
“Monako”da vəziyyət tamamilə fərqlidir: altı xal, ikinci pillə və buraxılmayan qol. Monakolular “Havr”a 1:0, “Marsel”ə isə 2:0 hesabı ilə qalib gəliblər. İkinci qarşılaşmada 20 yaşlı Paris Brunner dubl edib. Tur başlamazdan əvvəl “Monako” Liqa 1-də ilk iki oyununu qazanan yeganə klub idi.
Luis Enrike futbolçularının psixoloji dayanıqlığını qeyd etsə də, komandanın oyununu gücləndirməli olduğunu etiraf edib. O, “Monako”nun yeni baş məşqçisi Filipe Luisin cəsarətli futbolunu və risk etməkdən çəkinməməsini xüsusi vurğulayıb. Braziliyalı mütəxəssis isə PSJ ilə qarşılaşmağı üstünlük adlandırıb və Paris klubunu dünyanın ən yaxşı komandası hesab etdiyini bildirib.
Əlavə intriqa ötən mövsümün nəticələri ilə bağlıdır. “Monako” çempionatda PSJ-ni iki dəfə məğlub edib - evdə 1:0, Parisdə isə 3:1. Buna görə də komandanın ideal başlanğıcını yalnız münasib təqvimlə izah etmək olmaz.
Qarşılaşmanın əhəmiyyəti indidən kifayət qədər böyükdür. PSJ qalib gəlsə, “Monako” ilə xal fərqini birə endirəcək. Qonaqların qələbəsi isə onları turnir cədvəlinin ilk pilləsinə yüksəldəcək və son çempionla fərqi yeddi xala çatdıracaq.
Sabah: “Nitsa” təzyiq altında
Saat 19:15-də “Lans” “Loryan”la qarşılaşacaq. Meydan sahibləri artıq altı qol vursalar da, ötən turda “Strasbur”a 1:2 hesabı ilə uduzublar. “Loryan”ın isə bir xalı var və komanda “Trua”ya eyni hesabla məğlub olub.
Saat 22:45-də daha iki oyun başlayacaq. “Havr” “Brest”i qəbul edəcək - hər iki komanda hələ qələbə qazanmayıb. Eyni vaxtda “Nitsa” Liqa 1-in debütantı “Le Man”la üz-üzə gələcək. İki turdan sonra “Nitsa”nın cəmi bir xalı var və komanda hələ qol vurmayıb. Buna görə də ev qarşılaşması meydan sahibləri üçün indidən prinsipial əhəmiyyət daşıyır.
Bazar günü: debütant üçün sınaq, “Marsel” üçün çətin axşam
Saat 17:00-da “Trua” ilə “Strasbur” qarşılaşacaq. Yüksək liqaya qayıdan “Trua” gözlənilmədən dörd xal toplayıb və altıncı pillədə qərarlaşıb. “Strasbur” isə “Lans” üzərində qələbədən sonra uğurlu çıxışını davam etdirməyə çalışacaq.
Saat 19:15-də “Anje” “Renn”i qəbul edəcək. Ötən turda hər iki komanda üç qol vurub. “Anje” “Oser”ə 3:1 hesabı ilə qalib gəlib, “Renn” isə hakimin oyuna əlavə etdiyi altıncı dəqiqədə penaltidən vurduğu qolla “Le Man” üzərində əzmkar qələbə qazanıb - 3:2.
Tura saat 22:45-də keçiriləcək “Marsel” - “Paris” matçı ilə yekun vurulacaq. “Monako”ya məğlubiyyətdən sonra provanslılar azarkeşləri qarşısında özlərini doğrultmalıdırlar. Lakin paytaxt klubu hələ uduzmayıb, qol buraxmayıb və üçüncü pillədə qərarlaşıb. Bu, “Marsel” üçün asan ev oyunu deyil, ilk uğursuzluqdan sonra komandanın nə dərəcədə tez toparlana biləcəyini göstərəcək ciddi sınaqdır.
