Azərbaycanın “Qarabağ” futbol komandasının 19 yaşadək futbolçulardan ibarət kollektivi UEFA Gənclər Liqasının 2026/2027 mövsümündə ilk oyununu keçirəcək.
İdman.Biz xəbər verir ki, Ağdam təmsilçisi turnirin Çempionlar yolunun ikinci təsnifat mərhələsində Xorvatiyanın “Dinamo” (Zaqreb) komandası ilə üz-üzə gələcək.
Oktyabrın 28-də keçiriləcək ilk qarşılaşma saat 15:30-da başlayacaq. Görüş Azersun Arenada keçiriləcək.
İki oyundan ibarət mərhələnin cavab qarşılaşması noyabrın 4-də Zaqrebdə təşkil olunacaq.
“Qarabağ” bu mövsüm UEFA Gənclər Liqasında mübarizəyə məhz ikinci təsnifat mərhələsindən başlayır. Azərbaycan təmsilçisi Xorvatiya klubunu mübarizədən kənarlaşdıracağı təqdirdə növbəti mərhələyə yüksələcək.
Qeyd edək ki, bu cütün qalibi üçüncü təsnifat mərhələsində Portuqaliyanın “Benfika” və Kiprin “Pafos” komandaları arasındakı qarşılaşmanın qalibi ilə üz-üzə gələcək.
