2026-cı il dünya çempionatı yay transfer pəncərəsinə ciddi təsir göstərib.
İdman.Biz xəbər verir ki, FIFA-nın 1 iyun - 2 sentyabr dövrünü əhatə edən hesabatına əsasən, mundialda çıxış edən 47 ölkədən 267 futbolçu turnirdən sonra klubunu dəyişib. Bu oyunçuların ümumi transfer dəyəri 3,3 milyard dollardan (5.6 milyard AZN) çox olub.
Peşəkar kişi futbolunda ümumilikdə 12 500-dən çox beynəlxalq transfer reallaşıb. Klubların futbolçu keçidlərinə xərclədiyi məbləğ isə 9,89 milyard dolları (16.8 milyard AZN) ötüb.
Ən çox vəsait İngiltərə klubları tərəfindən xərclənib. Premyer Liqa təmsilçilərinin ümumi transfer xərci 3,02 milyard dolları (5.1 milyard AZN) keçib. Sonrakı yerlərdə 1,1 milyard dollarla (1.87 milyard AZN) İtaliya, 940 milyon dollarla (1.1 milyard AZN) İspaniya, 904 milyon dollarla Almaniya və 641 milyon dollarla (1.09 milyard AZN) Fransa qərarlaşıb.
Transfer gəlirlərində isə Fransa klubları lider olub. Onlar futbolçu satışlarından 1,7 milyard dollar (2.89 milyard AZN) əldə ediblər. İngiltərə klublarının gəliri 1,43 milyard (2.43 milyard AZN), Almaniyanın 1,02 milyard (1.73 milyard AZN), İspaniyanın 773 milyon (1.25 milyard AZN), Portuqaliyanın isə 642 milyon dollar (1.09 milyard AZN) təşkil edib.
Qadın futbolunda da rekord göstəricilər qeydə alınıb. Yay ərzində 1406 beynəlxalq transfer həyata keçirilib ki, bu da əvvəlki rekorddan 19,2 faiz çoxdur. Transferlərə xərclənən 28,6 milyon dollar (48.6 milyon AZN) isə əvvəlki analoji dövrlə müqayisədə iki dəfədən çox artım deməkdir.
