Türkiyənin “Fənərbağça” futbol klubunun Matteo Genduzi və Meyson Qrinvudu UEFA tərəfindən cəzalandırıla bilər.
İdman.Biz xəbər verir ki, İstanbul təmsilçisinin Çempionlar Liqasının pley-off mərhələsində “Lion”u səfərdə 2:1 hesabı ilə məğlub etdiyi qarşılaşmadan sonra baş verən hadisələrlə bağlı intizam prosesi davam edir.
Mənbənin məlumatına görə, Genduzi və Qrinvud üçün üç oyunadək diskvalifikasiya tələb olunur. “Fənərbağça”nı isə pul cəzası və ya səfər matçlarını azarkeşsiz keçirmək təhlükəsi gözləyir.
Qarşılaşmadan sonra Genduzi və Qrinvudun fransalı repçi JUL ilə assosiasiya olunan, barmaqlarla J-U-L hərflərini ifadə edən əl işarəsi etdiyi bildirilir. Məhz bu hərəkətin UEFA-nın açdığı intizam işində əsas epizodlardan biri olduğu qeyd olunur.

Matçdan sonra meydanda gərginlik yaranıb, daha sonra tunel və paltardəyişmə otaqlarına aparan dəhlizlərdə də insidentlərin davam etdiyi bildirilir. UEFA həm futbolçular, həm də klubla bağlı araşdırmaya başlayıb.
“Fənərbağça” “Lion”u mübarizədən kənarlaşdırmaqla 18 ildən sonra Çempionlar Liqasında iştirak hüququ qazanıb.
