“Bavariya” Almaniya Kubokunun birinci turunda “Osnabrük”u səfərdə 4:1 hesabı ilə məğlub edib.
İdman.Biz xəbər verir ki, görüşdə hesabı 5-ci dəqiqədə “Osnabrük”ün futbolçusu Robin Meyssner açıb. “Bavariya” 18-ci dəqiqədə Harri Keynin qolu ilə tarazlığı bərpa edib. Münhen təmsilçisi 24-cü dəqiqədə Tom Bişofun qolu ilə önə keçib.
İkinci hissədə Maykl Olize 73-cü dəqiqədə fərqlənərək hesabı 3:1-ə çatdırıb. 86-cı dəqiqədə isə Harri Keyn penaltidən ikinci qolunu vuraraq görüşdə son nöqtəni qoyub.
Bununla da Keyn Almaniya Kubokunda ardıcıl yeddinci oyunda qol vuraraq “Bavariya”nın klub rekordunu təkrarlayıb. Daha əvvəl bu göstəriciyə Gerd Müller və Tomas Müller nail olublar.
Gerd Müller 1967-1968-ci illərdə, Tomas Müller isə 2013-2014-cü illərdə turnirdə ardıcıl yeddi matçda qol vurub.
