Aubameyanq alçaldıldığını deyərək Qabon millisindən getdi

2 Sentyabr 2026 18:49
90
Aubameyanq alçaldıldığını deyərək Qabon millisindən getdi

İspaniyanın “Deportivo” futbol komandasının hücumçusu Pyer-Emerik Aubameyanq Qabon millisində karyerasını başa vurduğunu açıqlayıb.

İdman.Biz xəbər verir ki, 37 yaşlı futbolçu qərarını Afrika Millətlər Kuboku-2025-dən sonra baş verən hadisələrlə əlaqələndirib.

Qabon turnirdə uğursuz çıxış etdikdən sonra ölkə rəhbərliyi Aubameyanqı və milli komandanın digər aparıcı üzvlərini tənqid edib. Təcrübəli hücumçu bir müddət yığmadan kənarlaşdırılıb, daha sonra isə yenidən komandaya qaytarılıb.

Aubameyanq yaşananların onun üçün qəbuledilməz olduğunu bildirib:

“Məni alçaltdılar və imicimi ləkələdilər”.

Qabon millisinin kapitanı xüsusilə uğursuz nəticələrə görə məsuliyyətin futbolçuların üzərinə qoyulmasından narazı qalıb. Onun fikrincə, komandanın problemlərinin səbəbləri daha geniş idi və bütün günahın ayrı-ayrı oyunçulara yüklənməsi düzgün olmayıb.

Aubameyanq Qabon millisinin tarixinin ən məhsuldar futbolçusudur. O, uzun illər yığmanın əsas siması və kapitanı olub.

37 yaşlı hücumçu bu yay “Marsel”dən “Deportivo”ya keçib. La Liqaya qayıdan futbolçu yeni komandasında mövsümə uğurlu başlayıb və ilk üç turda üç qol vurub.

İdman.Biz