“Aston Villa” iki futbolçu ilə müqavilə imzaladı

1 Sentyabr 2026 18:17
79
“Aston Villa” iki futbolçu ilə müqavilə imzaladı

İngiltərənin “Aston Villa” klubu heyətini iki futbolçu ilə gücləndirib.

İdman.Biz BBC Sport-a istinadən xəbər verir ki, Birmingem təmsilçisi PSJ-nin seneqallı vingeri İbrahim Mbaye və “Sauthempton”un ingiltərəli müdafiəçisi Taylor Harvud Bellis ilə müqavilə imzalayıb.

18 yaşlı Mbaye üçün Fransa klubuna 55 milyon avro (47 milyon funt) ödənilib. O, ötən mövsüm PSJ-nin heyətində bütün turnirlərdə 31 oyuna çıxaraq 3 qol vurub və 2 məhsuldar ötürmə edib. Gənc futbolçu 2026-cı il dünya çempionatında Seneqal millisinin keçirdiyi 4 matçın hamısında iştirak edib və Fransa ilə görüşdə qol vuraraq dünya çempionatlarında fərqlənən ən gənc afrikalı futbolçu olub.

24 yaşlı Harvud Bellis üçün isə “Aston Villa” ilkin olaraq 25 milyon funt ödəyib. Müqavilədə əlavə ödənişlərlə birlikdə transfer məbləğinin 29 milyon funta yüksələ biləcəyi qeyd olunub. “Mançester Siti”nin yetirməsi olan müdafiəçi 2024-cü ildə 20 milyon funt qarşılığında “Sauthempton”a keçib.

Bellis “Aston Villa”da İngiltərə millisinin müdafiəçisi Ezri Konsanı əvəz edəcək. Konsa yay transfer pəncərəsində 55 milyon funt qarşılığında Premyer Liqanın son çempionu “Arsenal”a keçib.

Qeyd edək ki, “Aston Villa” bu yay transferlərə ümumilikdə təxminən 280 milyon funt xərcləyib. Klub futbolçu satışlarından isə 313 milyon funtdan çox gəlir əldə edib. Bunlar arasında Morgan Rogersin “Çelsi”yə 117 milyon funt, Ollie Uotkins isə “Əl-Hilal”a 51 milyon funt qarşılığında keçidi də var.

İdman.Biz