Qabriel Jezus: “İki çətin il keçirdim, amma “Barselona”ya hazıram”

1 Sentyabr 2026 18:54
87
Qabriel Jezus: “İki çətin il keçirdim, amma “Barselona”ya hazıram”

Qabriel Jezus İngiltərənin “Arsenal” futbol klubundan “Barselona”ya transfer olunub.

İdman.Biz xəbər verir ki, 29 yaşlı braziliyalı hücumçu Kataloniya klubu ilə 2029-cu ilin yayına qədər müqavilə imzalayıb. Transferin maliyyə detalları rəsmən açıqlanmasa da, keçidin təxminən 10 milyon avroya (19.7 milyon AZN) başa gəldiyi bildirilir.

“Burada olduğum üçün çox xoşbəxtəm. Son iki il çətin keçdi, amma bu böyük klub üçün hazıram. Bilirdim ki, hər şeyi düzgün etsəm, hər şey baş verə bilər. “Arsenal”da həmişə çox çalışdım və hər kəsə hörmət etdim. Bir həftə əvvəl mənə zəng gəldi və bu, inanılmaz dərəcədə həyəcanlı idi”, - deyə Jezus bildirib.

Braziliyalı futbolçu son illərdə onu narahat edən diz zədəsinin artıq geridə qaldığını vurğulayıb:

“Dizimdən zədə aldıqdan və təxminən bir il oynamadıqdan sonra çox çətin idi. Amma indi dizim problem yaratmır. Yaxşı bərpa olunmuşam və fiziki cəhətdən tam qaydasındayam”.

Jezus transferin baş tutmasında əməyi olan klub rəhbərliyinə və baş məşqçi Hansi Flikə də təşəkkür edib:

“Mən yalnız Dekoya, Flikə və prezidentə mənə göstərdikləri etimada görə təşəkkür edə bilərəm. Hələ Fliklə taktika barədə danışmamışam. Düşünmürəm ki, vəziyyəti yaxşılaşdırmaq üçün gəlmişəm, çünki komanda onsuz da çox yaxşıdır. Mən kömək etmək üçün gəlmişəm”.

Hansi Flik də daha əvvəl Jezusun transferindən razı qaldığını bildirib. Almaniyalı mütəxəssis braziliyalını “yüksək səviyyəli hücumçu” adlandıraraq onun komandanın oyun üslubuna uyğun olduğunu qeyd edib.

Jezusun “Barselona”da 9 nömrəli formanı geyinəcəyi gözlənilir.

İdman.Biz