İsmaila Sarr “Liverpul” üçün “Kristal Palas”la bağlarını kəsir

31 Avqust 2026 03:42
91
İsmaila Sarr “Liverpul” üçün “Kristal Palas”la bağlarını kəsir

“Liverpul” İngiltərənin “Kristal Palas” futbol klubunun cinah oyunçusu İsmaila Sarrı heyətinə qatmaq üçün yeni təklif hazırlayır.

İdman.Biz xəbər verir ki, mersisaydlıların 50 milyon funt sterlinqlik (112 milyon AZN) ilk təklifi rədd edilib. Buna baxmayaraq, Sarrın “Enfild”ə keçmək istədiyi və transferin baş tutması üçün özü də addımlar atdığı bildirilir.

27 yaşlı futbolçu “Kristal Palas”la bağlı bütün foto və paylaşımları “Instagram” hesabından silib. Onun səhifəsində yalnız Seneqal millisinin dünya çempionatından kənarlaşmasından sonra etdiyi paylaşım qalıb.

“Kristal Palas” Sarrı cari mövsümdə Premyer Liqanın ilk iki oyununda iştirak ərizəsinə daxil etməyib və artıq onun satışı ilə bağlı danışıqlara daha açıq yanaşır. London klubu daha əvvəl “Qalatasaray” və “Əl-İttihad”dan gələn təklifləri də rədd edib.

“Liverpul”un bu gün yeni təklif göndərəcəyi gözlənilir. Keçidin məbləğinin 75-80 milyon avro arasında olacağı bildirilir. Transfer bu məbləğə reallaşsa, Sarr İngiltərə futbolu tarixində ən bahalı seneqallı futbolçu olacaq.

Qeyd edək ki, İsmaila Sarr 2024-cü ildən “Kristal Palas”da çıxış edir. O, ötən mövsüm bütün turnirlərdə 21 qol vuraraq karyerasının ən məhsuldar mövsümünü keçirib.

İdman.Biz