İngiltərənin “Liverpul” futbol klubu “Brayton”un Yankuba Minte ilə bağlı iki təklifini rədd etməsindən sonra “Kristal Pelas”ın futbolçusu İsmail Sarrı transfer etmək variantını nəzərdən keçirir.
İdman.Biz BBC Sport-a istinadən xəbər verir ki, Mİnte üçün 50 və 60 milyon funt-sterlinq (115,6 və 138,7 milyon manat) məbləğində təklifləri qəbul edilməyən Mersisayd klubu diqqətini ötən mövsüm “Kristal Pelas”ın heyətində 21 qol vuran Sarrın üzərinə yönəldib.
Minte kimi Sarr da sağ cinahda çıxış edir və Premyer Liqa təcrübəsinə malikdir. Lakin “Kristal Pelas”ın 27 yaşlı seneqallı futbolçunu bu yay satmağa hazır olmadığı bildirilir.
BBC Sport-un mənbələrinin məlumatına görə, “Liverpul” Sarr üçün təklif irəli sürüb. Bununla belə, həm “Liverpul”, həm də “Kristal Pelas” belə bir təklifin edildiyini təkzib edib.
Mersisayd təmsilçisi həmçinin Fransa millisinin və PSJ-nin cinah hücumçusu Bredli Barkola ilə bağlı danışıqları davam etdirir.
Klub transfer pəncərəsinin bağlanmasına qədər bütün variantları nəzərdən keçirir və cinah hücumçuları mövqeyinə iki futbolçu transfer etmək istəyir.
“Kristal Pelas”ın baş məşqçisi Pyer Saj isə Sarr və komanda yoldaşı Jan-Filip Matetanın klubda qalacağına ümid etdiyini bildirib.
Sarrın komandada qalıb-qalmayacağı ilə bağlı suala mütəxəssis belə cavab verib:
“Hazırda bəli. Çünki müqaviləsinin bitməsinə üç il qalan futbolçunun klubdan ayrılması asan deyil”.
Saj “Liverpul”un Sarr üçün müraciət edib-etmədiyi ilə bağlı suala isə belə cavab verib:
“Başqa klubdan belə bir təklif almağın hər kəs üçün çətin olduğunu başa düşürəm. Çünki bu zaman çox tərəddüd edirsiniz. Amma hazırda o, bizimlədir. Müqaviləsi qüvvədədir.
O, zədəlidir və bəlkə də zədəsi ilə bu vəziyyət arasında əlaqə yaratmaq olar. Amma mənim üçün o, dürüst insandır və bununla bağlı heç bir problemim yoxdur. Sadəcə onun mümkün qədər tez meydanda olmasını istəyirik”.
