İspaniya La Liqasının ilk turunda “Barselona”nın “Elçe” üzərində 5:1 hesablı qələbəsi klubun idman direktoru Dekunun bu mövsüm üçün müəyyənləşdirdiyi transfer planını dəyişməyəcək. Komandanın mərkəz hücumçusu ilə gücləndirilməsi qərarı bazar günü vurulan 5 qoldan asılı olmayaraq əvvəlcədən razılaşdırılıb.
İdman.Biz xəbər verir ki, bu barədə Barselonada nəşr olunan “Sport” qəzetinin direktoru Joan Vehils "Deku və Flik razılaşıb: “Yamaq” transfer edilməyəcək" başlıqlı məqaləsində bildirib.
Onun sözlərinə görə, Karlos Kasadonun bu gün və ya sabah baş verə biləcək mümkün ayrılığı, həmçinin baş məşqçi Hans-Diter Flikin də qeyd etdiyi kimi, Baldenin gələcəyi ilə bağlı qərarından sonra əsas diqqət hücumçu transferinə yönələcək. Dekunun noyabrdan bəri əsas hədəfi Xulian Alvares olub. Lakin məlum səbəblərdən bu transferin reallaşması çətinləşib.
“B planı”nda müəyyən futbolçuların adları olsa da, Deku və Flick, klub prezidenti Joan Laportanın da razılığı ilə vacib bir qərar qəbul ediblər: “yamaq” xarakterli transferə getməmək. Klub təminat verməyən hücumçu üçün böyük məbləğ ödəmək niyyətində deyil. Daxildə mesaj aydındır: “Barselona” bu məsələdə riskə getməyəcək:
Beləliklə, “Xulian Alvares işi”ndə gözlənilməz dönüş baş verməsə, Kataloniya klubu yaxın aylarda yeni hücumçu transfer etməyəcək. Bununla belə, bu variant qış transfer pəncərəsində yenidən nəzərdən keçiriləcək. Klub son ana qədər Alvares üçün imkan saxlayacaq və onun transferi ilə bağlı ən kiçik ehtimal belə qalsa, “Barselona” hərəkətə keçməyə hazır olacaq.
Qısa müddətdə bu, Flick üçün ciddi problem kimi görünmür. Komandanın heyətində hücum xəttində bir neçə mövqedə oynaya bilən futbolçular var. Lamin Yamal aşağı yaş qruplarında mərkəz hücumçusu kimi çıxış edib. Yeni transfer Qordon da bu mövqedə oynaya bilər. Rafinya “Elçe” ilə matçda “9 nömrə” mövqeyində uğurlu çıxış edib. Gənc misirli Hamza isə qol duyumuna malik olduğunu göstərib.
İdman yazarı hesab edir ki, transferə böyük məbləğlər xərcləmək hər zaman ən doğru həll deyil:
"Yanvara qədər üç ay ərzində komandanı qarşıda uzun bir yarış marafonu gözləyir. Üstəlik, sentyabrda milli komandalar üçün uzun fasilə olacaq və ilin əvvəlində vəziyyət tamamilə fərqli ola bilər. Bəlkə də həmin vaxt Xulian Alvares transfer üçün əlçatan olacaq.
Beləliklə, Kerezo və Hil Marin qərarlarını dəyişməsələr, “Barselona” sırf transfer etmək xatirinə hücumçu almayacaq. Tarixdə mərkəz hücumçusu olmadan Çempionlar Liqasını qazanan komandalar da olub. Xosep Qvardiola və Luis Enrike artıq sübut ediblər ki, bütün titulları qazanmaq üçün klassik “9 nömrə” mütləq şərt deyil".
