Liqa 1: “Lion” və “Lans”dan qələbə, üç oyunda heç-heçə - YENİLƏNİB

23 Avqust 2026 00:59
1 103
Liqa 1: “Lion” və “Lans”dan qələbə, üç oyunda heç-heçə - YENİLƏNİB

Fransa Liqa 1-də 2026/2027 mövsümünün ilk turunun növbəti oyunları keçirilib.

İdman.Biz xəbər verir ki, “Lion” səfərdə “Tuluza”nı 2:0 hesabı ilə məğlub edib.

Qarşılaşmanın ilk hissəsində ev sahiblərinin müəyyən imkanları olsa da, hesab açılmayıb. Fasilədən sonra hücumda daha fəal oynayan “Lion” 68-ci dəqiqədə istəyinə çatıb. Pavel Şultsın ötürməsindən sonra Noa Narti fərqlənib.

85-ci dəqiqədə qonaqlar ikinci qolu vurublar. Korenten Tolissonun məhsuldar ötürməsini Malik Fofana dəqiq zərbə ilə tamamlayaraq yekun hesabı müəyyənləşdirib.

Daha bir oyunda “Le-Man” “Brest”i qəbul edib. Dörd qolun vurulduğu qarşılaşmada qalib müəyyənləşməyib – 2:2.

31-ci dəqiqədə Romen del Kastilyo Kamori Dumbiyanın ötürməsindən sonra “Brest”i hesabda önə keçirib. İlk hissənin sonlarında isə Dama Geye Lui Mafutanın məhsuldar ötürməsini qola çevirərək tarazlığı bərpa edib.

55-ci dəqiqədə Mafuta özü fərqlənib və “Le-Man”ı önə çıxarıb. Lakin “Brest” məğlubiyyətdən xilas olmağı bacarıb. 62-ci dəqiqədə Kamori Dumbiya hesabı 2:2 edib.

Turun digər iki matçında - “Nitsa” - “Loryan” və “Trua” - “Paris” qarşılaşması qolsuz heç-heçə ilə başa çatıb.

21:28

Fransanın “Lans” futbol klubu birinci turda doğma meydanda “Oser”i 5:2 hesabı ilə məğlub edib.

İdman.Biz xəbər verir ki, qarşılaşmada hesab 12-ci dəqiqədə açılıb. Florian Toven penaltidən dəqiq istifadə edib.

35-ci dəqiqədə “Oser”in müdafiəçisi Krist Makosso birbaşa qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub.

İkinci hissədə “Lans” üstünlüyünü artırıb. Franyo İvanoviç 49-cu, Saud Abdulhamid isə 54-cü dəqiqədə fərqlənib. “Oser”in heyətində Denni Namaso 61-ci dəqiqədə fərqi azaltsa da, beş dəqiqə sonra İsmaelo Qanyu “Lans”ın dördüncü qolunu vurub.

70-ci dəqiqədə Lamin Si qonaqların ikinci qoluna imza atıb. Matçın yekun hesabını isə 88-ci dəqiqədə yenidən penaltidən fərqlənən Toven müəyyənləşdirib. Beləliklə, fransalı yarımmüdafiəçi görüşü dublla başa vurub.

Növbəti turda “Lans” avqustun 29-da səfərdə “Strasbur”la qarşılaşacaq. “Oser” isə həmin gün doğma meydanda “Anje”ni qəbul edəcək.

İdman.Biz