Almaniya millisinin və “Bavariya” futbol klubunun yarımmüdafiəçisi Camal Musiala səhhəti ilə bağlı yaranan narahatlıqlara aydınlıq gətirib.
İdman.Biz xəbər verir ki, 23 yaşlı futbolçu son günlər meydanda iki dəfə özünü pis hiss etdikdən sonra tibbi müayinədən keçib. Müayinələr zamanı onda nevroloji disfunksiya ilə əlaqəli qısamüddətli absans tutmalarının olduğu müəyyənləşdirilib.
Musiala bildirib ki, bu hal müvəqqətidir və müalicəyə yaxşı cavab verir. Futbolçunun sözlərinə görə, həkimlər ona futbol oynamağa davam etməyin təhlükəli olmadığını bildiriblər.

Absans qısa müddətli şüur və diqqət itkisi ilə müşayiət olunan haldır. Bu zaman insan bir neçə saniyə ərzində ətrafda baş verənlərlə əlaqəni itirə, hərəkətsiz qala və ya reaksiyasını dayandıra bilər, daha sonra isə tez bir zamanda normal vəziyyətinə qayıdır.
Musiala ilk dəfə “RB Leyptsiq”lə yoxlama görüşündə özünü pis hiss edərək meydanda yıxılıb. Üç gün sonra “Haydenhaym”la matçda da analoji hal təkrarlanıb.
Futbolçu hazırda mütəxəssislərin nəzarəti altında olduğunu və müalicəsini davam etdirdiyini vurğulayıb. O, səhhəti ilə bağlı əlavə tibbi detalların şəxsi qalmasını istədiyini də bildirib.
22:10
Almaniya millisinin və “Bavariya” futbol klubunun yarımmüdafiəçisi Camal Musiala üç gün ərzində ikinci dəfə meydanda huşunu itirib.
İdman.Biz xəbər verir ki, hadisə Münhen təmsilçisinin “Haydenhaym”la keçirdiyi yoxlama görüşündə baş verib. 23 yaşlı futbolçu ikinci hissədə meydana daxil olduqdan cəmi bir neçə dəqiqə sonra heç bir təmas olmadan müvazinətini itirərək yerə yıxılıb.
Tibbi heyət dərhal Musialaya yardım göstərib. Futbolçu bir neçə dəqiqə meydanda qaldıqdan sonra ayağa qalxaraq texniki heyətin müşayiəti ilə paltardəyişmə otağına yollanıb və oyunu davam etdirə bilməyib.
Bu, Musialanın son üç gündə yaşadığı ikinci belə hadisədir. O, avqustun 15-də “RB Leyptsiq”lə yoxlama görüşünün sonlarında da özünü pis hiss edərək huşunu itirib. Həmin vaxt komanda yoldaşı İsmayıl Saybari futbolçunun yıxıldığını görərək onu tutmuş və yerə sərt düşməsinin qarşısını alıb.
İlk hadisədən sonra “Bavariya”nın idman direktoru Maks Eberl Musialanın vəziyyətinin yaxşı olduğunu açıqlayıb. Almaniya mətbuatında futbolçunun yüksək temperatur səbəbindən başgicəllənmə və qan dövranı problemi yaşadığı bildirilib.
İkinci hadisənin dəqiq səbəbi ilə bağlı isə hələlik “Bavariya” tərəfindən rəsmi tibbi açıqlama verilməyib.
