“Real Madrid”in baş məşqçisi Joze Mourinyo İspaniya La Liqasının onuncu turunda “Barselona” ilə keçiriləcək səfər oyunu öncəsi mətbuat konfransında diqqətçəkən açıqlamalar verib. Portuqaliyalı mütəxəssis xüsusilə hakimliklə bağlı mübahisələrə və Kataloniya klubunun futbolçusu Fermin Lopesin sözlərinə münasibəti ilə diqqət çəkib.
İdman.Biz RTVE-yə istinadən xəbər verir ki, Mourinyo Fermin Lopesin Madrid klubunun hakimlər barədə şikayətlərindən bezdiklərini söyləməsinə belə cavab verib:
“Bizi isə hələ də davam edən başqa şeylər bezdirir. Fermini də, özünün dediyi kimi, bizim söylədiklərimiz bezdirir”.
Mourinyo El-Klasikonun komandasının titul qazanmaq imkanlarını müəyyənləşdirəcək sınaq olması fikri ilə də razılaşmayıb:
“Xeyr. Mourinyo ilə “Real Madrid” titullar qazanır”.
Portuqaliyalı mütəxəssis “Barselona”nın baş məşqçisi Hans-Diter Flik haqqında sualı isə qısa cavablandırıb:
“Rəqiblərimiz haqqında niyə mənə suallar verdiyinizi başa düşmürəm. Flik barədə nə deməyimi istəyirsiniz? O, əla məşqçidir, işini çox yaxşı görür. Bundan artıq heç nə deyə bilmərəm”.
“Barselona”nın gənc ulduzu Lamin Yamal barədə danışan Mourinyo ona xüsusi hörmətlə yanaşdıqlarını, lakin oyun planlarını bir futbolçuya görə dəyişməyəcəklərini vurğulayıb:
“O, böyük futbolçudur və belə oyunçulara hörmət etmək lazımdır. Amma hörmət etmək başqa, planlarını, oyun quruluşunu dəyişmək və öz mahiyyətini unutmaq başqadır. Biz bunu nə ona, nə də başqa yüksək səviyyəli rəqibə görə edəcəyik”.
Baş məşqçi komandaların son nəticələrinin El-Klasikoda həlledici rol oynamayacağını düşünür:
“Hazırda yaxşı formadayıq, qələbələr qazanırıq, yaxşı oynayırıq, qollar vururuq. Amma El-Klasikoda bunların təsiri yoxdur. Belə qarşılaşmalar fərqlidir. Təcrübəmə əsasən deyə bilərəm ki, əvvəlki nəticələrin bu oyunlarda böyük əhəmiyyəti olmur. “RB Leypsiq”ə 4:1 hesabı ilə qalib gəlmək əvəzinə, eyni hesabla uduzsaydıq belə, bu oyuna münasibətim dəyişməzdi”.
Mourinyo “Real Madrid”in hazırkı səviyyəsinə yönələn tənqidlərə də toxunub:
“Biz cəmi üç aydır birlikdə işləyirik. Mövsümöncəsi hazırlığı və futbolçuların milli komandalara getdiyi müddəti çıxsaq, faktiki olaraq ayyarım-iki aydır çalışırıq. Hələ formalaşma mərhələsindəyik. Bu vəziyyətdə olan komandanı iki-üç ildir birlikdə oynayan kollektivlə müqayisə etmək ədalətli deyil. Pis oynayanda və ya nəticə uğursuz olanda tənqidlərin olması isə normaldır”.
Hakim təyinatı ilə bağlı sualı cavablandıran mütəxəssis onun üçün əsas məsələnin qaydalara əməl olunması olduğunu söyləyib:
“Hakimin kimliyi məni heç vaxt narahat etməyib. Mən həmişə hakimin yaxşı olduğuna inanaraq başlayıram. Məni narahat edən qaydaların pozulmasıdır. Üç həftə əvvəl bir hakimin adı çəkilirdi, bu həftə başqasının. Amma klub daxilində heç kim mənə konkret hakimin kim olacağını deməyib. Kim olursa-olsun, ümid edirəm ki, işini yaxşı görəcək”.
“Barselona”nın zəif tərəfləri barədə suala isə Mourinyo özünəməxsus cavab verib:
“Sən ağıllısan, amma mən axmaq deyiləm”.
Baş məşqçi qarşılaşma üçün start heyətini və oyun planını artıq müəyyənləşdirdiyini təsdiqləsə də, taktiki detalları açıqlamaqdan imtina edib.
Qeyd edək ki, “Barselona” - “Real Madrid” görüşü bu gün “Spotify Kamp Nou” stadionunda keçiriləcək. Bakı vaxtı ilə qarşılaşma saat 23:59-da başlayacaq.
