"Parma" və Yaponiya milli komandasının qapıçısı Zion Suzukinin PSJ-yə transferi uğursuzluqla nəticələnib.
İdman.Biz bildirir ki, klub və oyunçunun özü ilə razılığa gəlməsinə baxmayaraq, parislilər komissiya şərtlərindəki dəyişiklik səbəbindən müqavilədən imtina ediblər. Jurnalist Ben Jacobs bu barədə X-in sosial media hesabında məlumat verib.
Daha əvvəl Suzukinin PSJ-yə transferinin demək olar ki, başa çatdığı bildirilirdi. Transferdən sonra parislilər qapıçını Turinin "Yuventus" klubuna icarəyə verməyi planlaşdırırdılar.
Suzuki 2024-cü ilin yayında Belçikanın "Sint-Truiden" klubundan "Parma"ya 7,5 milyon avroya keçib. Ötən mövsüm yaponiyalı oyunçu 22 oyun keçirib, 30 qol buraxıb və altı dəfə qapısını quru saxlayıb. Transfermarkt portalındakı məlumata görə, onun bazar dəyəri 30 milyon avrodur.
