“Dinamo”nun sabiq futbolçusu “Qarabağ”la oyun öncəsi xəbərdarlıq edib

13 Avqust 2026 13:19
132
“Dinamo”nun sabiq futbolçusu “Qarabağ”la oyun öncəsi xəbərdarlıq edib

Kiyev “Dinamo”sunun sabiq futbolçusu Taras Mixalik UEFA Konfrans Liqasının üçüncü təsnifat mərhələsində “Qarabağ”la keçiriləcək cavab oyunu barədə fikirlərini bölüşüb.

İdman.Biz xəbər verir ki, keçmiş futbolçu “Sport-express”ə açıqlamasında Ukrayna təmsilçisinin ilk görüşdə qazandığı 1:0 hesablı üstünlüyü qorumaq üçün həddindən artıq müdafiəyə çəkilməsinin riskli ola biləcəyini söyləyib.

“Yaxşıdır ki, “Dinamo” ilk oyunda qalib gəldi. Müəyyən üstünlüyü var. Ümid edək ki, komanda mərhələni keçəcək. Amma dərin müdafiəyə çəkilsən, orada ilişib qala bilərsən”, - deyə Mixalik vurğulayıb.

Onun fikrincə, “Dinamo”nun baş məşqçisi İqor Kostyuk “Veres”lə 2:1 hesabı ilə başa çatan son çempionat oyunu ilə müqayisədə start heyətində dəyişikliklər edəcək.

Mixalik Kiyev klubunun klassik “avtobus” taktikası ilə oynayacağını gözləmədiyini də vurğulayıb:

“Əvvəllər “avtobus” bir qədər başqa formada qurulurdu. İndi bu, artıq dəbdə deyil və hamı bunu bacarmır. Əlbəttə, sınaya bilərlər, amma bunun sonu pis də ola bilər”.

“Dinamo” Bakıda bir sıra futbolçularının xidmətindən istifadə edə bilməyəcək. Qapıçı Ruslan Neşeret, müdafiəçilər Denis Popov, Vladislav Zaxarçenko və Konstantin Vivçarenko, yarımmüdafiəçilər Aleksandr Pixalyonok və Nazar Voloşin qarşılaşmanı buraxacaqlar.

“Qarabağ”ın heyətində isə əsas itki Qabriel Makretskisdir. Sağ cinah müdafiəçisi ilk qarşılaşmada qırmızı vərəqə aldığı üçün cavab oyununda cəzalı olacaq.

“Dinamo”nun sabiq futbolçusu komandanın gənc qapıçısı Vyaçeslav Surkisin (O, “Dinamo” Kiyevin prezidenti İqor Surkisin qardaşı oğludur, atası Qriqori Surkis isə Ukrayna Futbol Federasiyasının keçmiş prezidentidir – red.) də üzərində böyük təzyiq olduğunu qeyd edib. Mixalik onun soyadına görə azarkeşlərin daha sərt münasibəti ilə üzləşdiyini düşünür.

“Onun üzərinə soyadına görə ikiqat məsuliyyət düşür. Bəzən komandanı xilas edir, bəzən səhv edir. Daim kənardan təzyiq göstərilməsini istəməzdim. Gəncdir, inkişaf etməlidir”, – deyə o bildirib.

Mixalik Bakıdakı qarşılaşmanın 1:1 hesabı ilə başa çatacağını proqnozlaşdırıb. Onun fikrincə, belə nəticə “Dinamo”nun növbəti mərhələyə yüksəlməsi üçün kifayət edəcək.

Qeyd edək ki, “Qarabağ” – “Dinamo” cavab görüşü bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Matç Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. İlk qarşılaşmada Kiyev klubu 1:0 hesabı ilə qalib gəlib.

Cütün qalibi pley-off mərhələsində “Tvente” - DAK 1904 duelinin qalibi ilə üz-üzə gələcək. İlk oyunda Niderland təmsilçisi rəqibini 6:0 hesabı ilə məğlub edib.

İdman.Biz