Bu gün UEFA Superkuboku keçirilir. Çempionlar Liqasının qalibi PSJ ilə Avropa Liqasının qalibi İngiltərənin “Aston Villa” futbol komandası Zalsburqda kubok uğrunda qarşılaşacaq. Avropa futbolunda hər il böyük maraqla gözlənilən bu turnirin tarixində isə üç dəfə oyun ümumiyyətlə keçirilməyib.
İdman.Biz xəbər verir ki, turnir tarixində üç dəfə - 1974, 1981 və 1985-ci illərdə Superkubok matçı baş tutmayıb.
İlk belə hal 1974-cü ildə yaşanıb. Həmin vaxt Avropa Çempionlar Kubokunun qalibi Almaniyanın “Bavariya” futbol komandası ilə Kuboklar Kubokunun qalibi Şərqi Almaniyanın “Maqdeburq” klubu qarşılaşmalı idi. Lakin tərəflər iki matçın keçirilməsi üçün uyğun tarix barədə razılığa gələ bilməyiblər. Nəticədə Superkubok keçirilməyib. Superkubokun baş tutmamasına təsir edən əlavə amillərdən biri də həmin dövrdə Qərbi Almaniya ilə Şərqi Almaniya arasındakı gərgin münasibətlər olub. Nəticədə qarşılaşmalar keçirilməyib.
Oxşar vəziyyət 1981-ci ildə də təkrarlanıb. Avropa Çempionlar Kubokunun qalibi İngiltərənin “Liverpul” futbol komandası ilə Kuboklar Kubokunun qalibi Tbilisi “Dinamo”su iki oyunun tarixini razılaşdıra bilməyib. “Liverpul” sıx təqvimdə qarşılaşmalar üçün yer tapa bilmədiyindən turnir yenidən baş tutmayıb.
Maraqlıdır ki, “Liverpul” 1984-cü ildə də oxşar problemlə üzləşib. İngiltərə klubu İtaliyanın “Yuventus” futbol komandası ilə iki matç keçirmək üçün uyğun tarix tapa bilməyib. Bu dəfə çıxış yolu müəyyənləşdirilib və Superkubok bir oyun formatında keçirilib. Turin təmsilçisi həmin görüşdə qalib gəlib.
1985-ci ildə isə turnirin keçirilməməsinin səbəbi faciə olub. “Yuventus” İngiltərənin “Everton” futbol komandası ilə qarşılaşmalı idi. Lakin 29 mayda Brüsseldə keçirilən Avropa Çempionlar Kubokunun “Yuventus” - “Liverpul” finalından əvvəl Heyzel stadionunda baş verən faciə nəticəsində 39 nəfər həyatını itirib.
Hadisədən sonra İngiltərə klubları UEFA turnirlərindən uzaqlaşdırılıb və “Yuventus” - “Everton” Superkuboku da ləğv edilib.
UEFA sonradan təşkilati problemlərin qarşısını almaq üçün formatda dəyişiklik edib. 1998-ci ildən Superkubok bir oyun şəklində Monakodakı “Lui II” stadionunda keçirilməyə başlayıb. Monako 2012-ci ilə qədər turnirə ev sahibliyi edib, 2013-cü ildən isə Superkubok hər il Avropanın müxtəlif şəhərlərində təşkil olunur.
