Bu gün İngiltərə Premyer Liqasının XXI turunun mərkəzi oyununda “Nyukasl” və “Mançester Siti” üz-üzə gələcək.
İdman.biz xəbər verir ki, Pep Qvardiolanın yetirmələri səfərdə qələbə qazanmaqla 2-ci pilləyə yüksəlmək niyyətindədir.
Hazırda son çempion 19 matçdan sonra 40 xalla 3-cü pillədə qərarlaşıb. Liderdən 5 xal geri qalan “şəhərlilər” “Liverpul”a yaxınlaşmaq üçün qalib gəlməlidir.
Liderlərdən uzaq düşən “Nyukasl” 20 oyunda 29 xal toplayıb. “Sağsağanlar” turnir cədvəlində 9-cudur. Eddi Haunun yetirmələri lideri məğlub etsə, bir neçə pillə irəliləmək imkanı qazanacaq.
Bugünkü oyun iki komanda arasında ümumilikdə 191-ci duel olacaq. “Mançester Siti” və “Nyukasl” ilk dəfə 1893-cü ildə görüşüb. 131 illik rəqabətin əvvəl qarşılaşmalarında üstünlük “şəhərlilər”in tərəfindədir. 76 qələbəsi olan Mançester təmsilçisi 41 heç-heçə edib və 73 dəfə uduzub.
2023-cü ildə keçirilən iki Premyer Liqa görüşündə “Nyukasl” quru hesabla uduzub. Martın 4-də iki, avqustun 19-da bir cavabsız qol vuran Qvardiolanın yetirmələri rəqibinə xal verməyib. Sentyabrın 29-da Liqa kuboku çərçivəsindəki son qarşılaşmada isə “Nyukasl” minimal hesabla qalib gəlib.
Qeyd edək ki, matç Nyukasldakı “Sent Ceyms Park”da baş tutacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.
İdman.biz