Döyülən hakim: "Meydana dönsünlər və oyunlar davam etsin”

Xəbərlər
16 Dekabr 2023 11:09
829
Döyülən hakim: "Meydana dönsünlər və oyunlar davam etsin”

“Həm məhkəmə orqanlarının, həm də Türkiyə Futbol Federasiyasının Hüquq Komitəsinin məsələ ilə bağlı ədalətli qərarlar verəcəklərinə tam əminəm”.

İdman.biz xəbər verir ki, bunu “Ankaragücü” - "Rizəspor" matçında Faruk Koca tərəfindən yumruq zərbəsinə məruz qalan hakim Halil Umut Meler yazılı izahatında bildirib.

Günahkarların əməllərinə hüquqi qiymətin verilməsi proseslərini sona qədər izləyəcəyini bildirən Melerin sözlərinə görə, ona qarşı zor tətbiq edənlər ən ağır şəkildə cəzalanmalıdırlar:

“Gündəmi zəbt edən bu iyrənc hadisəni təkcə idman yarışında baş vermiş kimi qiymətləndirmək olmaz. Təəssüf ki, zorakılıq həyatın bütün sahələrində tez-tez baş verir və bəzən arzuolunmaz nəticələrə gətirib çıxarır”.

Hakim günahkarlar barədə veriləcək qərarın idmanla yanaşı, səhiyyədə, təhsildə, ailədə, bir sözlə, həyatın bütün sahələrində zorakılığa nümunə olacağına ümid etdiyini bildirib: “Mən həm məhkəmə orqanlarının, həm də Türkiyə Futbol Federasiyasının Hüquq Komitəsinin günahkarlarla bağlı nümunəvi, ədalətli qərarlar verəcəklərinə tam əminəm. Zorakılıq mühitindən uzaqlaşmaq və şiddətin bütün formalarının qarşısını almaq borcumuzdur”.

Meler, həmçinin prezident Rəcəb Tayyib Ərdoğana, eləcə də ona dəstək olan bütün dövlət adamlarına, müalicəsini həyata keçirən tibbi personala, təhlükəsizlik qüvvələrinə, həmkarlarına, dostlarıma təşəkkür edib.

FİFA hakimi əlavə edib ki, əlaqədar qurumların lazımi addımlar atdığını nəzərə alsaq, Türkiyə futbolu yenidən təbii axarına dönəcək: “Bu kontekstdə arzu edirəm ki, sevimli hakim dostlarımın təhlükəsizlikləri tam təmin olunmaq şərti ilə meydana dönsünlər və yarışlar davam etsin”.

İdman.biz