20 yaşadək futbolçulardan ibarət yığmalar arasında dünya çempionatının qrup mərhələsinin üçüncü turunda Ukrayna Paraqvayı məğlub edib.
İdman.biz bildirir ki, Çilinin paytaxtı Santyaqoda keçirilən görüş 2:1 hesabı ilə başa çatıb.
Ukrayna yığmasının qollarını Maksim Derkaç (46-cı dəqiqə) və Matvey Ponomarenko (80) vurub. Paraqvayın qoluna Sezar Minyo (69) imza atlb.
Dmitri Mixaylenkonun baş məşqçisi olduğu Ukrayna millisi yeddi xal toplayıb və B qrupunda birinci yerdən Dünya Çempionatının 1/8 final mərhələsinə yüksəlib. Paraqvay dörd xalla ikinci yerdən pley-offa vəsiqə qazanıb.
Qrupda Cənubi Koreya və Panama da yer alıb. Cənubi Koreya (4 xal) üçüncü yeri tutub və öz reytinqinə görə pley-offa vəsiqə qazana bilər, Panama (1) isə dördüncü yeri tutaraq turniri tərk edir.
20 yaşadək futbolçular arasında dünya çempionatının 1/8 final mərhələsində Ukrayna A, C və ya D qrupunda üçüncü yeri tutan komanda ilə qarşılaşacaq. Matç oktyabrın 8-də, Bakı vaxtı ilə saat 03:00-da başlayacaq.
Sonuncu dəfə U20 dünya çempionatı 2023-cü ildə keçirilib, o zaman Uruqvay finalda İtaliyanı 1:0 hesabı ilə məğlub edib.