41 yaşlı Olimpiya çempionu ağır zədədən sonra ABŞ millisinə qayıdır

8 Oktyabr 2026 23:28
94
41 yaşlı Olimpiya çempionu ağır zədədən sonra ABŞ millisinə qayıdır

Dağ xizəyi üzrə Olimpiya çempionu Lindsi Vonn 2026/2027 mövsümü üçün ABŞ millisinin heyətinə daxil edilib.

İdman.Biz xəbər verir ki, bu barədə ABŞ Xizək və Snoubord Assosiasiyasının mətbuat xidməti məlumat yayıb.

41 yaşlı idmançı bu ilin fevralında İtaliyada keçirilən Qış Olimpiya Oyunlarında ağır zədə almışdı. Fevralın 8-də sürətli eniş yarışının final çıxışı zamanı yıxılan Vonna trasda ilkin tibbi yardım göstərilmiş, daha sonra o, helikopterlə xəstəxanaya aparılmışdı.

Müayinə nəticəsində amerikalı xizəkçinin sol ayağının böyük baldır sümüyündə mürəkkəb sınıq aşkarlanmışdı. Vonn zədə səbəbindən bir neçə dəfə əməliyyat olunmuşdu.

Buna baxmayaraq, təcrübəli idmançı yeni mövsüm üçün ABŞ yığmasının siyahısına salınıb.

Qeyd edək ki, dağ xizəyi üzrə Dünya Kubokunun yeni mövsümündə ilk yarışlar oktyabrın 24-25-də Avstriyanın Zölden şəhərində keçiriləcək.

Lindsi Vonn 2010-cu il Olimpiadasında sürətli eniş üzrə qızıl medal qazanıb. O, həmçinin ikiqat dünya çempionudur.

İdman.Biz