Niderlandın konkisürmə üzrə Olimpiya çempionu Yutta Lerdam qarşıdakı mövsümü buraxacaq.
İdman.Biz xəbər verir ki, 27 yaşlı idmançısı bu barədə öz “YouTube” kanalında açıqlama verib.
“Karyeramı bitirirəm? Dəqiq deyə bilərəm ki, bu mövsüm məni buz üzərində görməyəcəksiniz. Bu il yarışmayacağam. Amma düşünürəm ki, bu qapını tamamilə bağlamağım düzgün olmaz. 27 yaşım var, həyat dəyişir, hisslər dəyişir. Hazırda isə birdəfəlik getdiyimi söyləməyə hazır deyiləm”, - deyə Lerdam bildirib.
Lerdam fevralda İtaliyada keçirilən Olimpiya Oyunlarında 1000 metr məsafəyə yarışda qızıl medal qazanaraq Olimpiya rekordu müəyyənləşdirib. O, 500 metr məsafədə isə gümüş medala sahib çıxıb. Konkisürən həmçinin dünya və Avropa çempionatlarının dəfələrlə qalibidir.
Niderlandlı idmançı bloqer və boksçu Ceyk Polun nişanlısıdır. Cütlük 2025-ci ilin martında nişanlandıqlarını açıqlayıb.
