Azərbaycan xizəkçisi: “FIS Kontinental Kubokuna vəsiqə qazanmaq mənim üçün qələbədir”

7 Sentyabr 2026 17:06
69
Azərbaycan xizəkçisi: “FIS Kontinental Kubokuna vəsiqə qazanmaq mənim üçün qələbədir”

Azərbaycanın tramplindən xizəklə tullanma üzrə idmançısı Zahit Cəfərov Çexiyada təşkil olunan FIS Kubokunda 22-ci yeri tutaraq FIS Kontinental Kubokunda yarışmaq hüququ qazanmağı böyük uğur hesab edib.

İdmançı turnirdə əldə etdiyi nəticəni uzunmüddətli əməyin bəhrəsi kimi dəyərləndirib.

“Çexiyada keçirilən turnirdə iştirak mənə xal qazandırdı. 22-ci yeri tutaraq daha yüksək səviyyəyə - Kontinental Kubokuna keçmək və daha ciddi rəqiblərlə mübarizə aparmaq imkanı əldə etdim. Bu nəticə mənim üçün qələbədir. Çünki buna qədər uzun yol keçmişəm, çox məşq etmişəm və inanmışam. Asan olmadı, 22-ci yeri tutmaq çətinliklə başa gəldi. Lakin buna görə çox şadam, xoşbəxtəm. Bütün hazırlıq prosesi ərzində dəstəyini və inamını hiss etdiyim ölkəmə - Azərbaycana minnətdaram. Bu dəstək məni hər zaman motivasiya edib və edir”, - deyə o report.az-a söyləyib.

Xizəkçi növbəti yarışlardakı hədəflərini də açıqlayıb:

“Əlbəttə, bununla kifayətlənmirik. İsveçdə tramplindən xizəklə tullanma üzrə dünya çempionatı keçiriləcək. Orada yaxşı nəticə göstərmək, özümü və azarkeşləri sevindirmək istəyirəm. Əsas məqsədim isə Kontinental Kubokda xallar qazanaraq Dünya Kubokunda iştirak hüququ əldə etməkdir. Planetin ən güclü idmançıları ilə birgə Dünya Kubokunda mübarizə aparmağı hədəfləmişəm”.

Qeyd edək ki, Zahit Cəfərov Çexiyanın Frenştat pod Radhoştem şəhərində keçirilən xizək alpinizmi üzrə FIS Kubokunda 202,9 xal toplayıb.

İdman.Biz