İspaniyalı fiqurlu konkisürən Tomas-Llorens Quarino Sabate Qış Olimpiya Oyunları-2026-da qısa proqramında “Minyonlar”( cizgi filmi) franşizasından olan musiqidən istifadə etməsinə "Universal" kinostudiyasının icazə verdiyini açıqlayıb.
İdman.Biz xəbər verir ki, daha əvvəl KİV-də idmançının müəllif hüquqları ilə bağlı problemlər səbəbindən musiqi müşayiətini dəyişmək variantını nəzərdən keçirdiyi bildirilirdi. Lakin azarkeşlərin geniş dəstəyindən sonra "Universal" mövqeyini yenidən gözdən keçirib və olimpiya çıxışı üçün musiqidən istifadəyə rəsmi icazə verib.
“Paylaşan və dəstək olan hər kəsə sonsuz təşəkkür edirəm. Sizin sayənizdə “Universal Studios” qərarını yenidən nəzərdən keçirdi və bu xüsusi hal üçün rəsmi icazə verdi. Proqramdakı digər iki musiqi fraqmenti ilə bağlı hələ bir neçə məqam qalır, amma razılaşmaya çox yaxınıq. “Minyonlar”ın yenidən olimpiya buzunda gerçəyə çevrilməsindən xoşbəxtəm”, - deyə ispaniyalı fiqurlu konkisürən sosial şəbəkə hesabında yazıb.
Xatırladaq ki, Qış Olimpiya Oyunları-2026 İtaliyada 6-22 fevral tarixlərində keçiriləcək. Qarşıdan gələn Olimpiadada Azərbaycanı fiqurlu konkisürmədə Vladimir Litvintsev, dağ xizəyi idmanında isə Anastasiya Papatoma təmsil edəcək.
