Azərbaycanda klassik voleybolla yanaşı, bu idman növünün digər növləri – çimərlik və qar voleybolu da inkişaf etdirilir. Yanvar ayının ortaları olmasına baxmayaraq, hələlik bu istiqamətdə yarışların vaxtı bəlli deyil.
Bu səbəbdən İdman.Biz Azərbaycan Voleybol Federasiyasının rəhbərliyinə müraciət edərək ölkəmizdə qar voleybolu üzrə yarışların nə vaxt keçiriləcəyini dəqiqləşdirib. Bu barədə federasiyanın baş katibi Faiq Orucov açıqlama verib.

“Qar voleybolu klassik və çimərlik voleybolu ilə müqayisədə daha çətin idman növü hesab olunur. Mürəkkəb hava şəraiti, xüsusi idman avadanlıqlarından istifadə və zədələnmə riskinin yüksək olması bu növün əsas fərqləndirici cəhətlərindəndir. Bu amillər idmançılardan daha yüksək fiziki və taktiki hazırlıq tələb edir.
Ötən il ölkəmizdə ilk dəfə qar voleybolu üzrə Azərbaycan çempionatı təşkil olunmuşdu. İki gün davam edən yarışlarda dörd qadın və dörd kişi komandası iştirak edib. Turnir idman ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanmışdı.
Əldə olunan müsbət təcrübəni və artan marağı nəzərə alaraq, bu il də qar voleybolu üzrə Azərbaycan çempionatının keçirilməsinə qərar verdik. Turnir 24 və 25 yanvar tarixlərində həm kişilər, həm də qadınlar arasında təşkil olunacaq. Yarışın keçiriləcəyi məkan ötən il olduğu kimi, “Şahdağ” turizm mərkəzidir”, – deyə Faiq Orucov bildirib.
Hazırda qar voleybolu üzrə beynəlxalq yarışların da təşkil olunduğunu qeyd edən federasiya rəsmisi bu növ üzrə ixtisaslaşmış klubların və milli komandaların formalaşdırılmasının gələcək üçün əsas məqsədlərdən biri kimi müəyyənləşdirildiyini vurğulayıb.
“Bu istiqamətdə atılacaq addımlar ölkəmizin beynəlxalq arenada qar voleybolu üzrə irəliləyişinə və bu idman növünün davamlı inkişafına mühüm töhfə verəcək”, – deyə Azərbaycan Voleybol Federasiyasının baş katibi əlavə edib.
