Fərid Qayıbov: “Azərbaycanda ilin ilk beynəlxalq yarışı Şahdağda keçirilir”

Xəbərlər
8 Yanvar 2026 11:12
90
Fərid Qayıbov: “Azərbaycanda ilin ilk beynəlxalq yarışı Şahdağda keçirilir”

“Azərbaycanda ilin ilk beynəlxalq yarışı Şahdağda keçirilir”.

İdman.Biz “Report”a istinadən xəbər verir ki, bunu “Şahdağ” Turizm Mərkəzində keçirilən “Azerbaijan Open” beynəlxalq dağ xizəyi turnirinin açılış mərasimində gənclər və idman naziri Fərid Qayıbov bildirib.

“Açıq Azərbaycan çempionatında 11 ölkədən idmançılar iştirak edir. Bu il “Şahdağ” Turizm Mərkəzində qış idman növləri üzrə başqa beynəlxalq yarışlar da keçiriləcək. Martda Avropa çempionatına və moqul növü üzrə Dünya Kubokunun final mərhələsinə ev sahibliyi edəcəyik”, - nazir vurğulayıb.

O, qış idman növlərinin Azərbaycanda inkişaf etdiyini söyləyib:

“Qış Olimpiya Oyunlarına iki Azərbaycan idmançısı vəsiqə qazanıb. Düzdür, həmin idmançılar kənardan dəvət olunublar. Amma yerli idmançılar da yetişir. Mən Qış İdman Növləri Federasiyasının bu istiqamətdə fəaliyyətini xüsusi vurğulamaq istəyirəm. İnanıram ki, görülən işlər nəticəsində gələcəkdə olimpiadalarda məhz burada yetişən yerli idmançılarla təmsil olunacağıq”.

Qeyd edək ki, “Azerbaijan Open” beynəlxalq dağ xizəyi turniri yanvarın 10-da başa çatacaq.

İdman.Biz