Yığmamızın baş məşqçisi: “Paris-2024-ə gedə bilsək, yaxşı olacaq”

Xəbərlər
13 Aprel 2024 13:46
Yığmamızın baş məşqçisi: “Paris-2024-ə gedə bilsək, yaxşı olacaq”

“İdmançıların Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanması üçün bizdən asılı olan hər şeyi etmişik”.

İdman.biz xəbər verir ki, bunu ağırlıqqaldırma üzrə Azərbaycan millisinin baş məşqçisi Mahtı Makkayev deyib.

Təcrübəli mütəxəssis Tailandın Puket şəhərində Dünya kubokunda iştirak edən Azərbaycan milli komandasının Heydər Əliyev Beynəlxalq Aeroportundakı qarşılanma mərasimində fikirlərini açıqlayıb: “Bizim idmançılar Avropa çempionatının yekunlarına və indi başa çatan Dünya kubokuna əsasən nəticələrini yaxşılaşdırıblar. Onlar göstəricilərini 10-15 kq artırıblar. Olimpiya Oyunlarına gedə bilsək, yaxşı olacaq. Əgər alınmasa, dünya çempionatına hazırlaşacağıq. Prezident Kamran Nəbizadə və vitse-prezident Firdovski Umudov başda olmaqla, federasiya hər şey edib ki, idmançılar yaxşı hazırlıq, vitaminləşmə keçsinlər. Toplanış da faydalı keçdi. Ən əsası hamı zədələrsiz qayıtdı. Qarşıdakı yarışların hazırlığını davam etdirəcəyik”.

Qeyd edək ki, Dadaş Dadaşbəyli (109 kq) Tailanddan üç gümüş medalla qayıdıb.

Banuçiçək Hüseynli
İdman.biz