Zülfüqar Süleymanov: “Bu, adımıza vurulan ləkə idi”

9 Mart 2024 14:00
818
Zülfüqar Süleymanov: “Bu, adımıza vurulan ləkə idi”

“Bu məsələ ilə bağlı şəxsən Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının prezidentinə məktub yazmışdım”.

Bunu İdman.bizə Azərbaycan millisinin sabiq ağırlıqqaldıranı Zülfüqar Süleymanov deyib.

O, ömürlük diskvalifikasiyasının ləğvinə münasibət bildirib. Süleymanovun sözlərinə görə, onun məktubu 2022-ci ilin noyabrında qardaşı tərəfindən Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının (İWF) prezidentinə təqdim olunub: “Keçən ay bununla bağlı komissiya yaradılaraq, məsələ ilə bağlı bir ay müzakirələr getdi. Sonunda cəzanı ləğv etdilər. Təbii ki, bu xəbər Azərbaycan dövləti və mənim üçün sevindirici bir haldır. Çünki bu bizim adımıza vurulan ləkə idi. Ömrümü idmana həsr etmiş bir insan kimi qazandığım uğurlar daima kölgədə olub. Bunun səbəbi isə ömürlük diskvalifikasiya olunmağım idi. Şükürlər olsun ki, indi fəxrlə deyə bilərəm ki, Azərbaycanın idman sahəsinə bir çox tövhə vermişəm. Artıq qara buludlar mənim üzərimdən çəkildi”.

Gələcək planları ilə bağlı məlumat verən veteran ağırlıqqaldıran vurğulayıb ki, uzun müddət idi bu idman növündəki fəaliyyətini dondurub: “Bundan sonra həm məşqçilik, həm də hakim kimi fəaliyyət göstərməyi düşünürəm. Azərbaycan Ağırlıqqaldırma Federasiyası ilə bu barədə danışıqlar aparacağıq. Düşünürəm ki, bu sahədə mənə razılıq verəcəklər. Bu idman növü bizim ailə ənənəmizdir”.

Qeyd edək ki, 2010-cu ilin sentyabrında 4 illik cəzalanan Süleymanov bu diskfalifikasiya yüngülləşdikdən sonra körpücük üzərinə erkən qayıtsa da, 2013-cü ildə yenidən dopinqdə “ilişib”. İkinci cəza kimi ona ömürlük diskvalifikasiya verilib. 2 gün öncə isə idmançının üzərindəki bu cəza Beynəlxalq Ağırlıqqaldırma Federasiyası (İWF) tərəfindən ləğv olunub.

Banuçiçək Hüseynli
İdman.biz