İtaliyalı tennisçi Yannik Sinner bərpa prosesinin Turin mərhələsini başa vurub.
İdman.Biz “Corriere dello Sport”a istinadən xəbər verir ki, sağ dizində oynaqxarici tendinopatiyadan əziyyət çəkən Sinner J Medical mərkəzində müayinələrdən və müalicədən sonra Monte-Karloya qayıdıb.
Sinner vəziyyətinin yaxşılaşdığını bildirsə də, Pekin və Şanxay turnirlərində iştirak edib-etməyəcəyinə hələ qərar verməyib. Bunun bərpa prosesinin gedişindən və özünü necə hiss etməsindən asılı olacağı qeyd edilib.
“Tennis? Demək olar ki, heç oynamamışam”, - deyə italiyalı raketka ustası son həftələrdə əsas diqqətini fiziki bərpaya yönəltdiyini bildirib.
Sinner Turində fizioterapevt Federiko Bristotun nəzarəti altında çalışıb. İndi isə o, məşqlərini Monte-Karloda davam etdirəcək. Əsas məqsəd tələsmədən tam bərpa olmaq və yalnız bundan sonra korta qayıtmaqdır.
