Pedro Migel Moura: “Avropa miqyaslı yarışlardan biri Azərbaycanda təşkil olunacaq”

Xəbərlər
18 Sentyabr 2024 16:16
974
Pedro Migel Moura: “Avropa miqyaslı yarışlardan biri Azərbaycanda təşkil olunacaq”

“Ümid edirəm ki, yaxın gələcəkdə stolüstü tennis üzrə Avropa miqyaslı yarışlardan biri Azərbaycanda təşkil olunacaq”.

İdman.biz xəbər verir ki, bunu ASTF-nin dəvəti ilə Azərbaycanda səfərdə olan Avropa Stolüstü Tennis Birliyinin icraçı prezidenti Pedro Migel Moura deyib.

O, Azərbaycana səfərindən məmnunluğunu ifadə edib: “Burada məni çox yaxşı qarşıladılar. Mehriban münasibətə və qonaqpərvərliyə görə Azərbaycan Stolüstü Tennis Federasiyasına təşəkkürümü bildirirəm. Paytaxtınız mənim üçün xüsusi əhəmiyyətə malikdir. Portuqaliyalı olduğumu nəzərə alsaq, Bakı bizim üçün əlamətdar şəhərlərdən biridir. Burada keçirilən ilk Avropa Oyunlarında məhz Portuqaliyanın stolüstü tennis üzrə seçmə komandası qələbə qazanmışdı. Azərbaycanda stolüstü tennisin səviyyəsini yüksək qiymətləndirərdim. İdmançılarınızın beynəlxalq yarışlarda göstərdikləri nəticələr belə deməyə əsas verir. Onlara yaradılan şərait isə gələcəkdə daha böyük nailiyyətlərə yol açacaq. Təsadüfi deyil ki, Avropanın ən istedadlı stolüstü tennisçiləri arasında Azərbaycan idmançıları da yer alır. Onların perspektivini yüksək qiymətləndirirəm”.

Moura yaxın gələcəkdə qitə miqyaslı yarışlardan birinin Azərbaycanda təşkilinin tərəfdarı olduğunu da bildirib: “Yerli federasiyanın fəaliyyət strategiyası Avropa səviyyəsinə uyğun olduğundan qarşılıqlı əməkdaşlığımızın perspektivini uğurlu görürəm. Ümid edirəm ki, yaxın gələcəkdə qitə miqyaslı yarışlarımızdan biri də məhz Azərbaycanda təşkil olunacaq”.

İdman.biz