“Bakıda əla atmosfer var” - belçikalı üzgüçünün İDMAN.BİZ-ə AÇIQLAMASI - VİDEO

2 Oktyabr 2026 20:19
86
“Bakıda əla atmosfer var” - belçikalı üzgüçünün İDMAN.BİZ-ə AÇIQLAMASI

Avropa və dünya çempionatlarının mükafatçısı Ros Vanotterdeyk Bakıda keçirilən üzgüçülük üzrə Dünya Kubokunun mərhələsində qızıl medal qazanmasından sonra təəssüratlarını bölüşüb. Belçikalı idmançı 50 metr məsafəyə batterflay üsulu ilə üzmədə 24,96 saniyə nəticə göstərib.

Vanotterdeyk İdman.Biz-ə açıqlamasında yarışdan sonra keçirdiyi hisslərdən danışıb.

“Üzgüçülüyümə çox sevinirəm. Bu, mənim ən yaxşı nəticəmə yaxın idi. Bu, mövsümün ilk yarışıdır, ona görə də hələ də nəyin üzərində işləməli olduğuma və göstəricilərimi necə yaxşılaşdıra biləcəyimə baxıram. Amma ümumilikdə çox xoşbəxtəm”, – deyə o bildirib.

Vanotterdeyk bunun onun Azərbaycanda ilk yarışı olmadığını xatırladıb. O, 2019-cu ildə Bakıda keçirilən Avropa Gənclər Olimpiya Festivalında da iştirak edib və 100 metr məsafəyə batterflyay üsulu ilə üzmə yarışında ikinci yeri tutub.

“Hələ də çox şeyi xatırlayıram, hətta hava limanından otelə qədər olan yolu belə. Atletlər kəndini gördüm. Bütün bunları xatırlamaq əladır. O zaman burada gözəl vaxt keçirmişdim. Üzgüçülük hovuzu xoşuma gəlir, möhtəşəm görünür. Atmosfer əladır. Bura qayıtdığıma çox şadam. Bazar ertəsi bir qədər görməli yerləri gəzdik. Şəhərə yuxarıdan baxmaq üçün hündür bir yerə qalxdıq, Alov Qüllələrini və bayrağı gördük”, – deyə belçikalı üzgüçü əlavə edib.

İdman.Biz