“Xarici mütəxəssisə ehtiyac var” - Oqtay Atayevin İDMAN.BİZ-ə MÜSAHİBƏSİ

Xəbərlər
16 Oktyabr 2025 16:58
269
“Xarici mütəxəssisə ehtiyac var” - Oqtay Atayevin İDMAN.BİZ-ə MÜSAHİBƏSİ

Azərbaycan üzgüçülüyündə baş verən dəyişikliklər İdman.biz-in diqqətindən yayınmadı. Yığmanın sabiq baş məşqçisi Rəşad Əbdürəhmanovun mövqeyini öyrəndikdən sonra, bu dəfə məsələ ilə bağlı fikirləri almaq üçün federasiyanın rəhbərliyinə – daha dəqiq desək, qurumun baş katibi Oqtay Atayevə müraciət etdik. Söhbətimizə komandada baş verən son dəyişikliklərdən başladıq.

- Rəşad Abdurəhmanov, yığmanın baş məşqçisi vəzifəsindən federasiyanın müşaviri postuna keçərək bildirib ki, onunla struktur arasında heç bir münaqişə yoxdur…

- Onun sözlərini yalnız təsdiqləyə bilərəm. Hətta əlavə edim ki, yeni vəzifəsi - müşavir postu əslində bir növ yüksəlişdir. O, bizə lazımdır!

- Bəs o halda niyə federasiya onu baş məşqçi vəzifəsindən azad etdi?

- O, bu vəzifədə 12 il çalışıb və bu, kifayət qədər uzun müddətdir. Artıq bizə yeni nəfəs, fərqli baxış bucağı lazım idi. Təəssüf ki, Azərbaycan üzgüçülük məktəbinin səviyyəsi hələ Avropanın aparıcı ölkələri, eləcə də dünya səviyyəsində rəqabət aparmaq üçün yetərli deyil.

- Amma o, Azərbaycan tarixində ilk dəfə MDB Oyunlarında iki qızıl medal qazanıldıqdan dərhal sonra vəzifədən azad edildi...

- Bu fakt bir daha göstərir ki, bizim Rəşad müəllimlə heç bir problemimiz olmayıb. Onun başqa vəzifəyə keçidi də hansısa neqativ hadisə ilə bağlı verilmiş ani qərar deyil. Bu, əvvəlcədən planlaşdırılmış, düşünülmüş addım idi. Bir daha vurğulayıram: məqsədlərimizi həyata keçirmək üçün bizə yeni nəfəs lazım idi. Bunun üçün isə xarici mütəxəssisə ehtiyac vardı.

Rəşad müəllimə isə bir qədər istirahət imkanı veriləcək. O, yeni strategiyamızla tanış olduqdan sonra onu böyük layihələrimizə cəlb etməyi planlaşdırırıq.

- Deyəsən, yığmada idman direktoru vəzifəsini də xarici mütəxəssis icra edir. Maraqların toqquşması ola bilərmi?

- Bəli, tam doğrudur. Sentyabrdan etibarən yığmanın idman direktoru kanadalı mütəxəssis Pyer Lafontendir. Biz çalışacağıq ki, maraqların toqquşması baş verməsin. İdman direktoruna bütün məşqçilər tabe olacaq, Rəşad Əbdürəhmanov isə yarışların təşkili və məşqçilər arasında koordinasiya məsələləri üzrə tövsiyələr verəcək. Onu müşavir təyin etməkdə məqsədimiz onunla yolları ayırmaq deyil. Əksinə – müxtəlif səviyyəli yarışlarda qazandığı böyük təcrübədən maksimum şəkildə yararlanacağıq.

- Amma siz yenə də onun yerinə gələcək baş məşqçinin adını demədiniz...

- Bu barədə yaxın günlərdə rəsmi açıqlama veriləcək.

Vüqar Vüqarlı

İdman.Biz