Vəzifəsindən yeni ayrılan üzgüçülük üzrə Azərbaycan millisinin sabiq baş məşqçisinin İDMAN.BİZ-ə AÇIQLAMASI

Müsahibə
16 Oktyabr 2025 16:22
182
Vəzifəsindən yeni ayrılan üzgüçülük üzrə Azərbaycan millisinin sabiq baş məşqçisinin İDMAN.BİZ-ə AÇIQLAMASI

12 il ərzində Azərbaycan üzgüçülük millisinin baş məşqçisi olmuş Rəşad Əbdürəhmanov vəzifəsindən azad edildi. Daha dəqiq desək, Rəşad Əbdürəhmanov federasiya rəhbərliyinin qərarı ilə başqa bir posta təyin edilib.

İdman.Biz xəbər verir ki, Üzgüçülük Federasiyasının bu qərarı bir sıra söz-söhbətlərə səbəb olub. Üzgüçülərimizin III MDB Oyunlarında uğurlu çıxışından(komandamız iki qızıl, beş gümüş və altı bürünc medal qazanıb – red) dərhal sonra atılan bu addım müxtəlif suallar doğurub.

Bəs bu istefa nə ilə bağlıdır? Keçmiş baş məşqçi ilə Federasiya rəhbərliyi arasında hər hansı münaqişə olubmu?

Bu suallara cavab tapmaq üçün İdman.Biz Rəşad Əbdürəhmanova müraciət edib.

“Federasiya rəhbərliyi ilə heç bir problemim yoxdur, ola da bilməz. Çünki mənə başqa vəzifə – Federasiyada məsləhətçi vəzifəsi təklif olunub. Mən 12 il bu postda çalışdım, indi isə rəhbərlik milliyə xarici məşqçini dəvət edib. Mən buradakı fəaliyyətimi məsləhətçi kimi davam etdirəcəyəm” – deyə R.Əbdürəhmanov bildirib.

Üzgüçülük üzrə Azərbaycan millisinin keçmiş baş məşqçisi söyləyib ki, Federasiyanın bu qərarından çox məmnundur.

“Yeni vəzifəm də birbaşa yığma komanda ilə işə bağlıdır – komandaya nəzarət məsələləri, yarışların təşkili, yığmanın inkişafı ilə bağlı bütün məsləhətləşmələr bu vəzifəyə daxildir. Əlbəttə, təcrübəmi nəzərə alaraq, bacardığım qədər kömək etməyə hazıram”, – deyə təcrübəli mütəxəssis əlavə edib.

Vüqar Vüqarlı

İdman.Biz